Xalq artisti Faiq Ağayevin dəvət edildiyi verilişin aparıcısı Zümrüd Bədəlovaya irad bildirməsi hələ də müzakirə edilir. Belə ki, ifaçı veriliş zamanı ünvanlanan sualdan narazı qalıb və açıq şəkildə aparıcını tənqid edib. Sənətçinin reaksiyası sosial mediada və tamaşaçılar arasında geniş müzakirələrə səbəb olub.
Globalinfo.az-a danışan telejurnalist, aparıcı İlhamiyyə Rza bildirib ki, audiovizual sənətin nəticələri yalnız “like” və baxış sayı ilə ölçüləndə, nəticə təəssüf ki, belə olur.
Onun sözlərinə görə, insanların bəyənilməyən, bəzən ikrah doğuran səhnələrə də baxmaq kimi bir primitiv instinkti var:
“Diqqət etmsinizsə, hadisə baş verən yerlərə, qəza yerlərinə nə qədər adam toplaşır. Soruşsanız ki, orda niyə dayanmısınız cavab verə bilməyəcəklər. O boyda toplaşanın içində ancaq bir-iki nəfər yardım üçün ayaq saxlayıb. Qalanları tamaşa edir, qan görmək, ölümü seyr etmək istəyir. Bu, nə istəkdir belə? Cavabı insanın instiklərindədir. Yəni, çox baxış keyfiyyət sayılmamalıdır. Sayıldısa, aparıcı və ya bloger baxış yığmaq üçün dəridən-qabıqdan çıxacaq”.
İ.Rza vurğulayıb ki, Zümrüd Bədəlova qalmaqaldan, konfliktlərdən uzaq, pozitiv bir xanımdır:
“O, bu qalmaqalı qətiyyən istəməzdi, amma reytinq toplamaq üçün Xalq artistinin özəlinə, şəxsi zonasına girir. Özünə dəyər verən qarşısındakına da hörmət qoyar. Faiq Ağayev bu mənada bütün şou biznes əhli sırasında özünəməxsus mövqeyi olan bir ifaçıdır. Onunla söhbət heç zaman adi, sadə, asan olmayıb və ola da bilməz. Heç şübhəsiz, adamın bəlli bir miqyası var”.
Müsahibimiz Faiq Ağayevin reaksiyasını alqışladığını qeyd edib:
“Çox doğru, aparıcının şəxsiyyətinə toxunmadan, peşəkarca lazım olanı dedi. Bu, yalnız Zümrüd Bədəlovaya ünvanlanan irad deyildi. Bütövlükdə şou biznes verilişlərində hökm sürən mənzərəyə münasibətdə deyilmiş sözlər idi. Zənnimcə, zamanı gəlib, hər şeyi öz adı ilə çağırmaq, hər kəsə öz yerini göstərmək lazımdır. Çünki belə publik yerlərdə yerini bilməyən insanlar çoxalıb. Faiq Ağayev başladı, qalanları da davam etməlidirlər. Qeyri-peşəkar yanaşmalara yol verməməlidirlər. Özlərini sözün həqiqi mənasında müdafiə etməlidirlər. Səviyyəsiz təqdimatlarda, layihələrdə, sadəcə görünmək, tiraj xatirinə görünməməlidirlər. Öz sənətlərinə güvənməlidirlər.
Sənətin yüksəkdədirsə, fikrin məhz yaradıcılığına fokuslanıbsa, düşük platformalarda iştiraka heç bir ehtiyac qalmayacaq. Hamıya təlqin ediblər ki, əsas məsələ tirajdır. Amma qətiyyən elə deyil! Elə də sevmədiyim Poznerin məşhur bir ifadəsi var: bir gün efirdə səhərdən axşamadək uzunqulağın arxasını göstərsələr, ertəsi gün ölkədə ən populyar eşşək olacaq. Yəni çox görünmək səni populyar edə bilər, amma öz tərəfimdən əlavə edim ki, sən nə qədər populyar olsan da, yenə də uzunqulaq olacaqsan”.
Zaira Akifqızı
Globalinfo.az