Evli qadına sataşan vəzifəli şəxs həbs edildi

Yevlax rayonunda ailəli qadına sevgi mesajları yazan, onu hədələyərək özü ilə münasibət saxlamasına məcbur edən şəxs həbs edilib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Həmin kənd sakini olan Z.Zəkiyeva (şərti) polisə müraciət edərək Yevlax rayonunda yerləşən məktəblərdən birinin təsərrüfat müdiri vəzifəsində çalışan 1988-ci il təvəllüdlü T.Rzayevin onun gəlini Z.Muradovanı onunla münasibət saxlamağa məcbur etdirərək hədələdiyini, mesajlar yazması səbəbindən oğlunun ailəsinin dağıldığını, buna görə də intihar etmək istədiyini bildirib. Müraciət Yevlax Rayon Polis Şöbəsində araşdırılıb və işdə cinayət halının olmadığı bildirilərək cinayət işinin başlanması rədd edilib. Əvəzində isə T.Rzayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə məktəbinin rəhbər şəxslərindən biri olan 35 yaşlı T.R törətdiyi əməli qismən etiraf edib və mesaj yazdığı qadının evli olduğunu bilmədiyini deyib:

“Şikayətçi mənim həmkəndlimdir. 2022-ci il sentyabr ayının əvvəlində xatirlamadığım nömrədə istifadəmdə olan nömrəyə “whatsapp” mobil tətbiqi vasitəsilə mesaj daxil oldu, mesajda “salam” yazılmışdı. Mənə yazan bir xanım idi. Sonradan öyrəndim ki, həmin xanım həmkəndlim olan Ş.M-in arvadı Z.M-dir. Buna baxmayaraq aramızda münasibət yarandı. Sonralar həmin qadının telefonuna müxtəlif tarixlərdə mesajlar yazmışam, qarşılıqlı yazışmışıq. Daha sonra onun əri bundan xəbər tutub. Onun əri anası ilə birlikdə bizə gəlib, məni çağırıb görüşmək istəyib. Lakin həmin vaxt evdə olmamışam.Sonra mən özüm anamla birlikdə onların evinə getdim. Z.M-in onun arvadı olmasını bilmədiyimi, buna görə ondan üzr istədiyimi bildirdim. Lakin Ş.M mənim üzrxahlığımı qəbul etmədi. Əməlimdən səmimi peşmanam”.

Məhkəm T.Rzayevin inzibati xəta törətməsi qənaətinə gəlib. O, İnzibati Xətalar Məcəllsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 5 sutka müddətinə həbs cəzası alıb.

Malik
Globalinfo.az