Son zamanlar evli kişilər və qadınlar arasında maraqlı tendensiya yaranıb.
Belə ki, bəzi ailəli şəxslər özlərini ictimaiyyətə boşanmış biri kimi qələmə verirlər. Xüsusilə sosial şəbəkələrdə bu hala çox rast gəlinir.
Sözügedən addımın səbəbi nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bunun heç də yaxşı hal olmadığını deyib.
Onun sözlərinə görə, belə bir addım şəxsin mənəvi cəhətdən problemlərinin olduğunun xəbərçisidir:
“O əhali daha keyfiyyətli, daha xoşbəxtdir ki, ölkəsində getdikcə fiziki sağlamlıq yaxşılaşır, mənəvi zənginlik artır və əməyə, yaradıcı münasibətə tələbat da çoxalır. Qeyd olunan hal da mənəvi cəhətdən zənginləşməyin yox, əksinə, kasadlaşmağın əlamətidir. Əvvəla, belə demək doğu deyil. Yalan danışmaq mənfi keyfiyyətdir. Deyilən yalanlar başqa xoşagəlməz hallara yol açır. İlk baxışdan sadə görünən bir hal ola bilər, amma bu, çox təhlükəli addımdır. Məsələn, insanın bədənində hansısa bir qızartı ilk baxışda adi görünə bilər, lakin həmin qızartının hansısa xəstəliyin əlaməti olması mümkündür. Yalan da belədir”.
Əhməd Qəşəmoğlu
Sosioloq deyib ki, qurumlar bu məsələlərlə ciddi məşğul olmalı, ölkədə nə baş verdiyini görməlidirlər:
“Ölkədə əhalinin mənəvi olaraq zənginləşməsi ilə bağlı ciddi işlər aparılmalıdır. Bu məsələni başlı-başına buraxmaq olmaz. Dünya cəmiyyətində hər şey ola bilər. Bu, o demək deyil ki, Azərbaycan dərhal eynisini təkrarlamalıdır. Biz əhalinin mənəvi zəngələşməsi istiqamətində addım atmalıyıq. Məsələn, evdə valideynin, məktəbdə müəllimlərin görəcəyi işlər var. Bunların hamısına əməl edilməlidir.
Bu gün torpaqlarımızın işğaldan azad edilməsindən başqa məsələlərlə də qürur duymalıyıq. Çalışıb, mənəviyyatımızın korlanmış tərəflərini də “işğaldan” azad etməliyik. Mənəvi tərəfdən zənginləşdikcə, ailələr də möhkəmlənəcək, boşanmaların sayı azalacaq, insanlar diqqəti daha çox karyerasına, ailəsinə yönələcək və s. Bunlar hamısı bir-biri ilə bağlıdır. Belə məsələlərə müdaxilə etməmək bizim humanitar, siyasət sahəsində zəifliyimizin əlamətidir”.
Psixoloq Nizami Orucovun fikrincə, yalan danışanlar etdiklərinin normal olmadığını bilir və özlərini bu şəkildə vicdan əzabından qorumuş olurlar:
“Şüuraltı olaraq bu, subay vaxtlarına qarşı olan həsrətlə bağlı da ola bilər. Sözügedən vəziyyət situasiyadan və şəxsdən aslı olaraq dəyişən bir şeydir. Bəzi cütlüklər artıq adaptasiya olmuş münasibətlərində doğmalığı daha da artırmaq əvəzinə, həyəcan axtarışına çıxırlar. Çünki yeni insan tanımaq onlara daha asan gəlir, nəinki öz yoldaşları ilə yeni şeyləri yaşamaq. Hansıki bu, sağlam düşüncə tərzi deyil. Qısası, özlərini subay kimi tanıdan evli insanlar həm yoldaşlarından olmaq istəmirlər, həm də yeni həyəcanın arxasınca qaçmaq arzusunu qoruyurlar.
Nizami Orucov
Bundan başqa, həm yeni tanış olduğu insan tərəfindən qəbul edilmək və hisslərinin təmin olunması, həm də özlərini qarantiyaya almaq üçün buna əl atırlar. Yanlış etdiklərini özləri də bilirlər, amma əsl özü ilə üzləşməmək üçün bu cür başqa şəxsiyyət yaradır və onun vasitəsilə çıxış etməyə başlayırlar”.
Zaira Akifqızı
Globalinfo.az