“Evdə atasını öldürüb, sonra 15 nəfəri güllələyib” – Praqadakı tanınmış azərbaycanlı danışdı

“Çarlz Universitetində baş verən qətl hadisəsi insanlara şok və stress yaşatdı. Çexiya həddindən artıq təhlükəsiz bir ölkədir. Düzdür, cinayətlər baş verir, amma bu dərəcədə ciddi qətllər nadir hallarda olurdu”.

Bu sözləri Globalinfo.az-a Çexiyada yaşayan Mətanət Əzizova Praqada baş verən hadisə ilə bağlı danışarkən deyib.

O, cinayətkarın milliyyətcə çex olduğunu bildirib:

“Qətli törədən David Kozak özü də həmin universitetdə tələbə olub və ora gəlmədən öncə Praqadan bir az kənarda öz evində atasını öldürüb, sonra da silahı götürüb yaşadığı şəhərdən təhsil ocağına gələrək insanları qətlə yetirib. Belə bir ehtimal da var ki, dünənki hadisədən əvvəl parkda övladı ilə gəzən cavan adamı və onun 3 aylıq körpəsini öldürüb. Bundan başqa, qatilin üzərində silahla Praqaya gəlməsindən hüquq mühafizə orqanlarının xəbərinin olduğu deyilir. Çexiya mətbuatında yayılan məlumata görə, hüquq mühafizə orqanlarına Davidin Praqaya intihar etmək üçün gəlməsinə dair xəbər daxil olub”.

M.Əzizovanın sözlərinə görə, David Kozakın intihar edəcəyi ehtimal olunan binanın təhlükəsizliyi təmin olunsa da, lakin o, ora deyil, universitetin tam ayrı korpusuna daxil olub:

Bir 1 nəfər şəkili ola bilər

Mətanət Əzizova

“Deyilənə görə, cinayətkar Telegram kanalında əsasən rus dilində paylaşımlar edir, nifrət dolu yazılar yayırdı. Əsas da Rusiyada baş verən iki hadisəni nümunə olaraq göstərirdi. Biri bir neçə il bundan öncə öz sinif yoldaşlarını silahla öldürən şəxs, digəri də bu yaxınlarda Alina adlı xanımın sinif yoldaşlarını öldürməsi hadisəsi. Adam açıq şəkildə həmin adamları nümunə olaraq göstərirdi”.

Müsahibimiz baş verən hadisədə Rusiya izinin olub-olmamasının dəqiq bilinmədiyini deyib:

“Ola bilsin ki, Rusiya izi burada daha çox psixoloji və iqtisadi faktordur. Çexiya mətbuatında Ukrayna-Rusiya müharibəsi ilə bağlı həddindən artıq paylaşımlar edilir, Çexiyanın Rusiyaya olan münasibəti haqda yazılar dərc olunur. Burada siyasi və iqtisadi məsələ də ola bilər. Müharibə insanların həyatına pis təsir edir. Amma yenə də, Rusiya tərəfindən hansısa addımların atılmasına çox da inanmıram. Telegramda olan rus dilində yazışmalar, Rusiyanı dəstəkləməsi, Rusiyada olan hadisəni özünə nümunə olaraq götürməsi sırf onu göstərir ki, Rusiyada baş verən hadisələr bu insanın psixoloji durumuna təsir edib”.

Mətanət Əzizova məsələnin araşdırıldığını bildirib:

“Hələ ki, dəqiq məlumat yoxdur. Doğrudan da cinayətkarın Telegram kanalında bu yazını yazması, belə bir kanalın ona aid olması hələ araşdırılır. Bu xəbəri hüquq mühafizə orqanları təsdiq etməyiblər. Sabah ölkədə matəm elan edilib”.

Zaira Akifqızı
Globalinfo.az