Azərbaycan çoxəsrlik dini birgəyaşayışı özünün milli kimliyinin və mədəni diplomatiyasının ayrılmaz hissəsi kimi diqqət mərkəzində saxlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Euronews” kanalının ölkəmizdə etiqad azadlığından bəhs edən süjetində qeyd olunub.
Videomaterialda bildirilib ki, Azərbaycanda müsəlman, xristian və yəhudi icmaları nəsillər boyu sülh və qarşılıqlı anlaşma şəraitində bir yerdə yaşayıblar.
“Paytaxt Bakıda fəaliyyət göstərən katolik kilsəsi həm xarici vətəndaşlara, həm də yerli əhaliyə xidmət edir. Kilsə rəhbərləri şeyxülislamla, eləcə də yəhudi və pravoslav icmalarının başçıları ilə mütəmadi olaraq görüşdüklərini bildirirlər. Bununla yanaşı, Şəki və Qax bölgələrində yerləşən tarixi kilsələr ölkənin zəngin xristian irsini əks etdirir”, – deyə süjetdə qeyd olunub.
Müəllif bildirir ki, əsrlər boyu qorunub-saxlanılan bu kilsələr Azərbaycanın uzunmüddətli dini müxtəliflik ənənəsini və müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışını əks etdirir.
“Euronews”a müsahibə verən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da Azərbaycanda dini dəyərlərə edilən hörmətdən danışıb. Qeyd edib ki, Azərbaycanda əsrlər boyu müxtəlif mədəniyyətlər və dinlər bu ərazidə təcrid olunmuş icmalar kimi deyil, dinc və yanaşı yaşayıblar.
Materialda müəllif onu da qeyd edib ki, dövlət qurumları dini ibadət yerlərinin və abidələrin bərpasına mühüm sərmayələr yatırıb. Həmçinin Vatikanla müxtəlif əməkdaşlıq sazişləri, o cümlədən 2025-ci ilin sentyabr ayında tarixi əlyazmaların rəqəmsallaşdırılması və bərpasını nəzərdə tutan memorandum imzalanıb.
