Ərsin Tatar Hərbi Qənimətlər Parkında – FOTOLAR

Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 14-də Hərbi Qənimətlər Parkını ziyarət edib.

Globalinfo.az xəbər verir ki, Prezident Ərsin Tatara Hərbi Qənimətlər Parkında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri zamanı düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayiş olunduğu barədə məlumat verilib.

Qeyd olunub ki, parkda Vətən müharibəsində düşməndən qənimət götürülən 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir. Burada ən yaddaqalan eksponatlardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanan “Qarabağ Azərbaycandır!” lövhəsidir.

Qonağa Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Şuşa-Xankəndi yolundan götürülən və Bakıya gətirilərək Hərbi Qənimətlər Parkında nümayiş etdirilən tank barədə də ətraflı məlumat verilib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Hərbi Qənimətlər Parkındakı videozala da baş çəkib, Vətən müharibəsinə dair videoçarxı izləyib.

Sonda “Qarabağ Azərbaycandır!” lövhəsinin qarşısında xatirə şəkli çəkdirilib.