Ankarada Zəngəzur müzakirəsi: tarixi an yaxınlaşır?

Türkiyə Təhlükəsizlik Şurasının son iclasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, habelə Zəngəzur dəhlizinin müzakirə olunması diqqət çəkib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, ABŞ və Ermənistan tərəfindən çağırışlar, Türkiyədə Zəngəzur dəhlizi müzakirələrinin keçirilməsinə baxmayaraq, ilin sonuna qədər sülh sazişinin imzalanacağı real deyil:

“Sülh müqaviləsinin imzalanmasının ABŞ-da keçiriləcək seçkilərdən sonraya qalacağı fikrindəyəm. Çünki ABŞ və Avropanın təqdim etdiyi və görmək istədikləri sülh müqaviləsi Ermənistanın mənafeyinə xidmət edir və prezident seçkiləri üçün Baydenin hesabatı səciyyəsi daşıyacaq. Yəni Bayden administrasiyası bu müqaviləni sabah erməni seçicilərinin qabağına ataraq, onlardan səs istəyəcək.

Əlimusa İbrahimov

Amma rəsmi Bakı Bayden seçkilərdə qalib gəlsin deyə öz prinsiplərindən əl çəkib erməni mənafeyini müdafiə edən müqaviləyə imza atarmı? Əsla yox!

Azərbaycanın mənafeyinə uyğun, Prezident İlham Əliyevin diktə etdiyi şərtlər daxilində imzalanacaq sülh sazişi ABŞ-a lazımdırmı və ya Baydenə seçkidə hansı üstünlüyü verəcəkmi? Təbii ki, yox. Bu baxımdan tezliklə sülhün imzalanacağı real deyil”.

Turan Rzayev
Globalinfo.az