Sərhəddə gərginlik artdı: həlledici mərhələ başlayır

“Ermənistanın TIR şousu bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlib. Dünən gecə və bu gün səhər Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması bunu bir daha təsdiq edir. Təəssüf ki, bir sıra beynəlxalq qurumların Laçın yolu ilə bağlı qərəzli mövqələri və açıqlamaları Qafqazda sülhə deyil, gərginliyin artmasına xidmət edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.

O bildirib ki, hər vəchlə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçıran İrəvan çoxdan itirilmiş geosiyası mövqelərinin bərpasına çalışsa da, artıq bölgədə dəyişilməsi mümkün olmayan yeni düzən formalaşıb:

“Beləcə, Qafqaz yeni mərhələyə qədəm qoyur: ya tezliklə ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını özündə ehtiva edən sülh müqaviləsinin bağlanması, ya da ziddiyyətlərin dərinləşməsi.

Birinci variant bölgənin iqtisadi inkişafı baxımdan da vacibdir. Regionun inkişafı dayanıqlı sülhün əldə edilməsindən və kommunikasiyaların bərpasından keçir. İrəvanın başqa alternativlər axtarmağa çalışması isə Ermənistanın özü üçün yeni problemlər yaradacaq. Bunu daha tez anlamaq İrəvanın özü üçün lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az