“Ermənistanın “tabutuna” sonuncu mismar vuruldu!” – Vitse-spikerdən gündəmi silkələyən açıqlama

Sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də Qarabağın erməni sakinlərinin nümayəndələrinin Yevlax rayonuna gəlməsidir.

Hər kəsi düşündürən sual isə görüşün niyə məhz Yevlax şəhərində keçirilməsidir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib ki, bu görüş insanlar tərəfindən fərqli yozulsa da, Azərbaycanın hər bir qarışı bizim üçün doğmadır:

“Sadəcə, ermənilərin Gəncə, Bərdə, Tərtər və bir neçə bölgəmizə gəlməyə üzləri yoxdur!

Atdıqları raket nəticəsində şəhid olan şəxslərin doğmaları onları orada görsə, yaraları yenidən qanamış olardı. Əslində, ermənilər bütün Azərbaycanı incidiblər. Mənə elə gəlir ki, bu baxımdan həmin bölgələrə aparılmaldılar. Ağdamı viran ediblər, necə gəlsinlər?! Həm də Yevlax nisbətən yaxındır.

Bilirsiniz, əsas məsələ harada görüşmək deyil, görüşün nəticələridir. 3 il idi onlara görüş təklif olunurdu, qəbul etmirdilər. Amma artıq biçarə vəziyyətdə qalıblar”.

Fəzail İbrahimli

F.İbrahimli deyib ki, ermənilərin ixtiyarı özlərində deyil, onlar kimlərinsə əlində girovdurlar:

“İnanın ki, erməni xalqı da siyasətçilərin əlində əsirdilər. O siyasətçilər işğal siyasəti ilə öz xalqını inandırdılar ki, guya Qarabağ onların əraziləridir. Amma başa düşmədilər ki, bu, əbədi deyil. 44 günlük Vətən müharibəsində işğaldakı ərazilərin xeyli hissəsini azad etdik. Yerdə qalan torpaqları da işğaldan qurtaracağıq.

Cənab prezident çox gözəl qeyd etdi ki, əslində, biz Qarabağ torpağı ilə yanaşı, erməni xalqını da azad etdik. Amma necə deyərlər, ilanın ağına da lənət, qarasına da. Onlara hər hansı bir səlahiyyət versək, ideologiyanın əsiri olacaqlar. Çünki o, xəstə ideologiyadır! Güman edirəm ki, baş verən hadisələr çox məsələlərə son qoydu.

Məsələn, “böyük Ermənistan” “ideologiyasının” əsas məqsədi “dənizdən-dənizə” idi. Vətən müharibəsində onların bu ideologiyası puça çıxdı. Onun da daxilində Qarabağ istəyi var idi. Həmin istəyin isə tabutuna sonuncu mismarı dünən Azərbaycan vurdu! Artıq bunların bir yolu var: Ya Azərbaycan qanunlarına tabe olub, vətəndaşımız olaraq burada yaşayacaqlar, ya da çıxıb gedəcəklər”.

F.İbrahimli deyib ki, sirkə tünd olanda qabını yandırdığı kimi, ermənilər də özlərini yandırdılar:

“Bunların hər zaman üz tutduğu, güvən və inam yeri Rusiya olub. İndi təsəvvür edin, Rusiya da bunlardan üz döndərdi. Ermənilər tarixən özlərinə himayə axtarıblar, Osmanlı imperiyası tərkibində iqtisadi həyat bunların əlində idi. Gördülər, Osmanlı bir balaca zəifləyir, tez Çar Rusiyasında özlərinə xilaskar axtardılar. Amma cəzalandılar! Bir məsələ də var ki, bunlar cəzanın özündən də məharətlə istifadə edirlər.

İndi də Rusiyanın himayəsi ilə 30 il torpaqlarımızı işğal edib, 366-cı alayın dəstəyi ilə Xocalıda soyqırım törətdilər, bu gün də gətirib ABŞ əsgərləri ilə orada təlim keçirlər. Bundan başqa, İran bunlara nəfəs verdi, ən çətin məqamlarda Tehran Ermənistana həm iqtisadi, həm də siyasi yardım göstərsə də, İrana düşmən olan Amerika ilə birgə təlim keçirlər. Bunlar üçün müqəddəs heç nə yoxdur! Amma unutmayaq ki, tarix dönükləri cəzalandırır. Ermənilər indi tarix qarşısında öz cavablarını alırlar! Yevlax görüşünün nəticəsindən asılı olmayaraq, onlar məğlubdurlar!”

Zaira Akifqızı
Globalinfo.az