Ermənistanın başqa yolu yoxdur – Deputat

“Ermənistan Baş naziri Nikol Paşinyanın Paris görüşləri erməni mətbuatında böyük uğur kimi təqdim olunur. Xüsusilə Emmanuel Makronun hərbi dəstəklə bağlı səsləndirdiyi açıqlamaları həm Paşinyana, həm də Ermənistan cəmiyyətinə yeni ruh verib. Paşinyanın özündən daha tez Fransa müdafiə nazirinin Ermənistana gəlişi isə erməni cəmiyyətinin növbəti dəfə eyforiyaya qapılmasına səbəb olub. Lakin bütün bunların bölgəmizdə gedən proseslərə və mövcud gerçəkliyə heç bir təsiri yoxdur və olmayacaq. Bunu Prezident İlham Əliyev də dünən Xocalı sakinləri ilə görüşündə bir daha təsdiq etdi”.

Globalinfo.az bildirir ki, bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

“Ölkə başçısı bildirib ki, Ermənistanın bizim şərtlərimizi qəbul etməkdən başqa yolu yoxdur.

Cavanşir Feyziyev

Bu tələbin qarşısında nə Fransanın “Bastion”ları, nə Hindistan raketləri, nə də antikvar Rusiya silahları dayana bilər. Çünki Ermənistan 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə öhdəliklər götürüb və gec və ya tez bu öhdəlikləri yerinə yetirməlidir. Digər tərəfdən Ermənistanın silahlanma cəhdləri onun bəyan etdiyi sülh gündəliyi ilə ziddiyyət təşkil edir”,- deyə o əlavə edib.

Deputat bildirib ki, hətta Ermənistanla silahlanma yarışına çıxsaq belə Ermənistanın onsuz da kasad olan büdcəsi bu təzyiqə davam gətirə bilməz və ölkə defolta uğraya bilər: “Ermənistan Ukrayna deyil. Onun Ukrayna qədər potensialı və dəstəyi yoxdur və heç zaman da olmayacaq. Ona görə Ermənistanın silah alışları ilə bağlı öyünməsi onun təhlükəsizliyini heç də gücləndirmir, əksinə Azərbaycanı öz üzərinə hücuma sövq edir. Əgər hadisələr bu istiqamətdə inkişaf edərsə, Ermənistanın müstəqil dövlət kimi mövcudluq məsələsi gündəmə gələ bilər”.