Ermənistanın müharibə hazırlığı: ABŞ xəritə yaydı – Detallar bilindi

ABŞ-ın məşhur analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şurası 2024-cü il üçün müharibə ehtimalı olan ərazilərin xəritəsini hazırlayıb. Amerikalı analitiklərin fikrincə, Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanması ehtimalı var.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Birləşmiş Ştatların analitik mərkəzləri bir neçə dəfə bu qəbildən ehtimallar yayımlayıblar:

“Azərbaycan və Ermənistanın bu siyahıya daxil edilməsi iki ölkə arasında hələ də sülh müqaviləsinin imzalanmaması, maraqlı tərəflərin, xüsusən də İrəvanı cəsarətləndirən ölkələrin onu sülhdən uzaqlaşmağa təhrik etməsidir. Müharibədən sonra iki ölkə sülh bağlamırsa və Ermənistan bu istiqamətdə müsbət addım atmırsa, savaş istisna edilmir. Atəşkəsin müharibəyə çevrilmə ehtimalı böyükdür.

Elxan Şıxəliyev 

Anklavların qaytarılmasında, Naxçıvana kommunikasiyaların açılması yönündə Ermənistan müsbət cavablar vermir. ABŞ analitiklərinin təhlilləri də buna hesablanıb. Sülh sazişində sadalanan şərtlər öz əksini tapmayacaqsa, Ermənistan sürətlə silahlanacaqsa, eskalasiya baş verə bilər.

Azərbaycanla şərti sərhədə üçüncü qüvvələr cəlb edilir. İrəvan müxtəlif yollarla münaqişəyə başlamaq üçün bəhanə axtarır”.

Safura Bənnayeva
Globalinfo.az