Ermənistan onları geri qaytarmaq istəyir – Növbəti hiylə

“Ermənistan vaxtilə ələ keçirilən erməni diversantların bir qismini geri qaytarmaq üçün hərbçimizdən istifadə edəcək. Bundan öncə də ələ keçirdikləri iki hərbçimizin qarşılığında 32 diversantı tələb etmişdilər”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azması və Ermənistan tərəfinə keçməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu tip hadisələrin baş verməsi normaldır:

“Hava şəraitinin pisləşməsi və ya bənzər hallarda hərbçilərin, əsgərlərin qarşı tərəfə keçməsi əvvəllər də olub. Lakin Ermənistanın saxladığı bu şəxslərə işgəncə verməsi, onlardan istifadə etməsi beynəlxalq hüquqa görə qanunsuzdur.

Məsələ ondadır ki, dinc dövrdə belə hallarda saxlanılan şəxs hərbi əsir sayılmır. Yəni bu şəxslər qeyd-şərtsiz qaytarılmalıdır. Ermənistan isə bunu fürsət bilərək istifadə edir.

Qabil Hüseynli

Mümkündür ki, bu dəfə də belə olacaq və Ermənistan bir müddət əvvəl ələ keçirilən hərbçimizi təhvil verməyəcək. Lakin Azərbaycan heç bir əsgərinin, hərbçisinin təleyinə biganə qalmayıb. Ən qısa zamanda onun Vətənə qayıdışı təmin ediləcək”.

Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, şərti dövlət sərhədində xidmət aparan hərbçilər bu və ya digər istiqamətdə azaraq qarşı tərəfə keçirlər:

“Həm mülki vətəndaşlar, həm də hərbçilər arasında bu kimi hallara rast gəlinir. Onu da deyim ki, bundan öncə Ermənistan iki Azərbaycan hərbçisinin qarşılığında 32 erməni diversantını tələb etmişdi. Bu dəfə də  bənzər təklif irəli sürəcək.

Ədalət Verdiyev

Azərbaycanın minlərlə xüsusi təyinatlısı olduğu halda gənc əsgəri Ermənistana kəşfiyyat məqsədilə göndərməsi məntiqsizdir. Amma bununla belə erməni tərəfi bu istiqamətdə iddialar səsləndirir.

Buna görə də Ermənistan tərəfinin diversant kimi təqdim etməsi absurddur. Yaxşı olar ki, Ermənistan qeyd-şərtsiz hərbçimizi geri qaytarsın. Ona cinayət işi açmaq İrəvana heç bir divident qazandırmayacaq”.

Turan Rzayev
Globalinfo.az