Ermənistanda güc savaşı başladı: Köçəryan Paşinyana qarşı

Nikol Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinə hazırlaşır. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediasında məlumat yayılıb.

Baş nazirin ölkədə, hökumət dairələrində, parlamentdə, xüsusilə də rusyönümlü şəxsləri vəzifələrdən kənarlaşdırmaq istədiyi, özünə sadiq hesab etdiyi insanları həmin vəzifələrə təyin etməyə çalışdığı qeyd olunur.

Seçkilər zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryanın şəxsən, yaxud da komandasının iştirak edə biləcəyinə dair iddialar yayılıb.

Onun hazırkı proseslərlə bağlı mövqeyinin dəqiq bilinmədiyi, lakin Paşinyan hökumətinə qalib gələ biləcək yeganə müxalifət nümayəndəsi olduğu qeyd edilir.

Erməni siyasətçilər ölkənin təhlükə altında olduğunu, hazırkı hakimiyyətin R.Köçəryan və dəstəkçilərindən ehtiyat etdiyini deyirlər.

Qeyd edək ki, Robert Köçəryanın oğlu Levon Köçəryan hazırda Ermənistan parlamentinin müxalifətçi deputatlarından biridir.

Ayşən Mustafa
Globalinfo.az