Ermənistanın itirdiyi yalnız bu olmamalıdır – Qüdrət Həsənquliyev

 

Xəbər verdiyimiz kimi, dünən Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında Azərbaycan və İran hökumətləri arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib.

Globalinfo.az xalqcebhesi.az-a istinadən xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan və İran arasında imzalanmış memorandumu və təməlqoyma mərasimini müsbət qiymətləndirdiyini bildirib.

Qüdrət Həsənquluyev deyib: “90-cı illərin əvvəllərində Ermənistana deyirdik ki, qoşunlarını ərazilərimizdən çıxart, Türkiyəyə çəkilməsi planlaşdırırılan neft və qaz kəmərləri sizin ərazidən keçsin, razılaşmadı. Həmin kəmərlər Gürcüstan üzərindən çəkildi. İndi Ermənistana deyirik Zəngəzur dəhlizinin açılmasına dair üzərinə götürdüyün öhdəliyi yerinə yetir, imtina edir. Bu dəfə yollar İran üzərindən çəkiləcək. Amma Ermənistanın itirdiyi yalnız bu olmamalıdır. Azərbaycan Ermənistanla sülh sazişi imzalasa da, həmin ölkə ilə kommunikasiya xətlərini açmamalı, diplomatik əlaqələr qurmamalı, iqtisadi sahədə əməkdaşlıq etməməlidir. Ermənistan Türkiyənin Xəzər hövzəsinə çıxışına mane olmaq istədiyi üçün eyni addımları Türkiyə də atmalıdır. Bu ölkə regionun “izqoy” – birgəyaşayışdan imtina olunmuş, qovulmuş, “apandisit” ölkəsi kimi qalmalıdır.

İranla imzalanmış sazişi müsbət qiymətləndirirəm. Alternativ yollar nə qədər çox olsa bir o qədər yaxşıdır. Yollar inkişafa, dostluğa xidmət edir. Azərbaycan həmişə qonşuları ilə yaxşı münasibətlərin, əməkdaşlığın tərəfdarı olub, o cümlədən İranla. Amma çox təəssüf ki, onlar bizə qarşı çox yumşaq desək, heç də həmişə dostluq və yaxın qonşuluq siyasəti yürütməyiblər. O cümlədən Zəngəzur dəhlizi məsələsində. İran bizimlə səmimi dostluq, əməkdaşlıq etmək istəyirsə Cənublu soydaşlarımızın milli haqlarına sayğı ilə yanaşmalı, Azərbaycanın daxilində pozuculuq fəaliyyətinə son qoymalı, daxili işlərimizə qarışmamalı, Ermənistana xoş gəlmək üçün Azərbaycanı işğala hazırlaşmaqla bağlı sərsəm iddialarla şərləməməlidir. İranda anlamalıdırlar ki, bizim üçüncü dövlətlərlə əməkdaşlığımız onlara qarşı yönəlməyib, Azərbaycan öz ərazisindən İrana qarşı istifadəyə heç vaxt yol verməyəcək. Ən azı ona görə ki, İran azərbaycanlıların da yaşadığı ölkədir, qonşumuzdur”.