Ermənistanın bu tarixə kimi vaxtı var – Bakının çağırışlarına adekvat cavab verməsə…

Xəbər verdiyimiz kimi, Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edəcək. Digər tərəfdən Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti çərçivəsində Azərbaycan Ermənistanı tədbirə dəvət etdiyi kimi rəsmi İrəvanın da eyni addımı atıb-atmayacağı sual doğurur.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistana gedə bilərmi? COP17 tədbiri çərçivəsində Azərbaycana Ermənistan tərəfindən göndərilən dəvət necə dəyərləndiriləcək? Yoxsa Ermənistanın COP29-a göndərdiyi nümayəndə heyətinin tərkibindən asılı olacaq hər şey?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, COP17 tədbirinin Ermənistanda keçirilməsi ilə bağlı qərar qəbul edildi. Yəni rəsmi İrəvan Biomüxtəliflik tədbirinə ev sahibliyi edəcək:

Hikmət Babaoğlu

“Diplomatiyada yazılmamış bəzi qaydalar var. Əgər COP29-COP17 ilə bağlı tərəflərin qarşılıqlı səfər mübadiləsini nəzərdən keçirsək görərik ki, Azərbaycan nümayəndə heyətinin İrəvana gedib-getməməsi COP29-la bağlı olacaq. Belə ki, Ermənistan Azərbaycanın təklifini qəbul edib COP29-a qatılarsa, yaxud da hansı səviyyədə nümayəndə heyəti göndərərsə, Azərbaycan da bu halda COP17-yə qatılmaq barədə müzakirələr apara bilər. Hansı səviyyədə nümayəndə heyətinin göndəriləcəyi də bu zaman məlum olacaq”.

Politoloq Vəli Əlibəyov isə məsələyə belə münasibət bildirib:

Vəli Əlibəyov

“Ermənistanda baş tutması gözlənilən COP17 sammitinə Azərbaycanın dəvət edilib-edilməyəcəyi məlum deyil. Hələ rəsmi bir fikir bildirilməyib. Digər tərəfdən Ermənistanın Azərbaycanın dəvət təklifini qəbul edib-etməməsindən çox şey asılıdır.

Ermənistan-Azərbaycan arasında 2026-cı ilə qədər hər hansı gərginlik müşahidə edilməsə, rəsmi İrəvan təxribatlara əl atmasa, Ceyhun Bayramovun tədbirlə bağlı Ermənistana səfəri baş tuta bilər.
Azərbaycan 44 günlük müharibə və antiterror əməliyyatından sonra dünyada sülh, kommunikasiyaların qurulmasında maraqlı olan ölkə kimi çıxış etməyə başladı. Ona görə də Ermənistanın bu ərəfədə özünü necə aparacağından, Bakının çağırışlarına, təkliflərinə adekvat cavab verəcəyindən çox şey asılı olacaq”.

Safura Bənnayeva
Globalinfo.az