“Hərbi əsirlərə rəftar beynəlxalq hüququn ən vacib mövzularındadır. Bu istiqamətdə müvafiq konvensiyalar və protokollar var. Azərbaycan da, Ermənistan da bu konvensiyaları qəbul edib”.
Bu sözləri Globalinfo.az-a politoloq Vaqif Hüseyn Ermənistanda əsir saxlanan və işgəncələrə məruz qalan iki əsgərimiz haqda danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan əsgərləri əsir statusu daşıyır və əsirlərə rəftara dair beynəlxalq hüquq normaları var:
“Bu normalar və konvensiyalara erməni tərəfi qeyd-şərtsiz riayət etməlidir. İşgəncə faktları beynəlxalq təşkilatlara mütləq şəkildə təqdim edilməlidir. Azərbaycan əsgəri müharibə zamanı əsir alınmayıb, yolunu azaraq Ermənistan tərəfinə keçib. Ermənistan tərəfi hazırda onu cinayət aktı ilə həbs etmək istəyir. Etmədiyi cinayəti onun üzərinə yıxmağa çalışır.
O ki qaldı rəsmi Bakının bu istiqamətdə edə biləcəyi şeylərə, hesab edirəm, bu məsələdə bizim təzyiq vasitələrimiz daha çoxdur. Azərbaycan Ermənistanın da qəbul etdiyi və üzv olduğu təşkilatlara İrəvanı şikayət edə bilər. Digər tərəfdən ortada işgəncə və zorakılıq faktları da var”.
Turan Rzayev
Globalinfo.az