Ermənistandan o əraziləri belə geri alacağıq – Sabiq nazirdən şok

2024-cü ildə daha 5 şəhərə (Şuşa, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl) keçmiş məcburi köçkünlər qaytarılacaq. Maraqlıdır, proses hansı formada aparılacaq? Sözügedən şəhərlərdə hansı işlər görülməlidir? Ümumiyyətlə, bu şəhərlərin bərpasına özəl sektorun cəlb edilməsi mümkündürmü?

Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız nəhəng tikinti meydanını xatırladır. O bildirib ki, erməni vandallarının daşı-daş üstündə qoymadıqları yaşayış məntəqələrimizi bərpa edir və vaxtilə o torpaqlardan didərgin düşmüş insanlarımızın öz ata-baba yurdlarına qayıdışını təmin edirik:

“Azərbaycan dövləti Qarabağ torpaqlarımızı nə qədər böyük bir əzmkarlıqla geri qaytara bildisə, bir o qədər böyük əzmkarlıqla həmin torpaqlarda quruculuq işlərini tezliklə başa çatdıracaq. Bunun üçün dövlətimizin yetərincə resursları var və əlbəttə ki, biz eyni zamanda Ermənistan hərbi birləşmələrinin 30 il işğal altında saxladıqları torpaqlarımızda törətdikləri dağıntılara görə Beynəlxalq məhkəmə vasitəsilə düşmən ölkədən böyük məbləğdə təzminat tələb edəcəyik. Bu təzminatın həcminin Ermənistanın indiki büdcəsindən 80-100 dəfəyə qədər çox olacağı gözlənilir”.

F.Yusifov Ermənistanın bu təzminatı necə ödəyəcəyini açıqlayıb:

“Onun bir yol var – o yol da zaman-zaman Sovet hakimiyyətinin ədalətsiz şəkildə Azərbaycandan qoparılaraq Ermənistana verdiyi torpaqların geri qaytarılmasından keçir. Bu, yeganə yoldur və yaxın illərdə beynəlxalq hüququn əli ilə bunun reallaşdırılmasının şahidi ola biləcəyik. Mən buna tam inanıram. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda müasir kənd və qəsəbələr yaranır, yerlə yeksan edilmiş rayon mərkəzləri bərpa edilir. Həmin kənd və qəsəbələrdə və rayon mərkəzlərində davamlı şəkildə yeni yaşayış binaları inşa edilərək insanlarımızin istifadəsinə verilir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2026-cı ilə qədər 140 min nəfərin doğma torpağına, evlərinə köçürülməsi planlaşdırılıb”.

Zaira Akifqızı
Globalinfo.az