Ermənilərin qırğın planı: Məşhur dağ və “soyqırım” uğrunda savaş başlayır

Ermənistanda hazırda qondarma “erməni soyqırımı” təbliğatına görə ciddi fikir ayrılıqları var. Hakimiyyət dairələri və onlarla işləyən ekspertlər soyqırımı məsələsinin geniş təbliğatının onlar üçün yaxşı olmayacağını deyirlər və bu istiqamətdə erməni lobbisini fəaliyyətini məhdudlaşdırmağa çağırırlar. Digər kəsim isə Türkiyə ilə münasibətlərin normallaşması fonunda bu addımın atıldığını bildirərək sərt tənqidlər səsləndirirlər.

Bir qisim deyir, “erməni soyqırımı” məsələsinin böyük təbliğatının gələcək üçün əhəmiyyəti yoxdur, digərləri isə bu fikri “vətən xainliyi” adlandırır.

Bəs hazırkı proseslər çərçivəsində bu məsələnin qaldırılmasına səbəb nədir? Erməniər üçün bu qədər ciddi hesab olunan təşəbbüsün arxasında nə dayanır? Türkiyə ilə Ermənistan münasibətlərinin tənzimlənəsində bu məsələ necə rol oynayacaq?

Mövzunu Globalinfo.az-a şərh edən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Paşinyan hökumətinin soyqırımı əks-təbliğatının pərdəarxasından söz açıb:

“Bu soyqırımı məsələsi, 1915-ci il əfsanələri ermənilərin ideoloji baxışlarının əsasını təşkil edir. Çox təəssüf ki, xarici siyasətdə də bu konsepsiyaya uyğun hərəkət edirlər. 1915-ci il qondarma “erməni soyqırımı” nağılları qlobal güclərin, Böyük Britaniyanın, ABŞ-ın, Rusiyanın zamanında Osmanlıya qarşı formalaşdırdığı konseptual baxış idi. Müxtəlif dönəmlərdə də bundan təzyiq vasitəsi kimi istifadə edirdilər. Amma bu, erməni xalqını ciddi şəkildə “xəstələndirdi”. Onlar Qriqoryan kilsəsinin təqdimatı ilə sovet dönəmi daxil, Birinci Qarabağ müharibəsinə kimi bu təbliğat prosesini müxtəlif formalarda icra etdilər. Amma Qarabağ müharibəsindən sonra həmin ideologiyanın bir növ öz təsdiqini tapmasını qərarlaşdırdlar. Çünki türklərə qarşı nifrəti qorumaq və bütün nəsillərə ötürməklə Azərbaycan torpaqlarını işğal etməyi bacarmışdılar. İşğalı isə bu ərazilərin onların tarixi torpağı olması, “erməni soyqrımı”nın əvəzi kimi əsaslandırdılar.

Bu, çox qorxulu bir tendensiya idi. 44 günlük müharibədə sadəcə Ermənistan məğlub olmadı, həm də ermənilərin soyqırımı təbliğatı vasitəsilə qazandıqları “uğurlar” aradan qalxdı. Onlar dərhal bu qondarma faciənin “kədərinə” büründülər”.

Türkiyə təklənib, Azərbaycan dəstək verəcəkmi? - Əziz Əlibəyli - AKTOR.az
Əziz Əlibəyli

Ə.Əlibəyli bildirib ki, İrəvan mövcud şəraitdə bu prosesin qarşısını almağa məcburdur:

“Amma bunun Nikol Paşinyanın nəzərində fərqli olduğunu görürük. Baş nazir ənənəvi baxışlardan asılı olmayan bir yanaşma ortaya qoydu. Əgər gücü çatarsa, gələcəkdə hətta Paşinyanın təşəbbüsü ilə ölkə konstitusiyasının yenilənməsi və orada yer alan iki maddənin çıxarılmasına da şahid ola bilərik. Beləliklə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesində ərazi iddiaları, “erməni soyqırımı” və Ağrı dağı məsələləri öz həllini tapmış olacaq. Hazırda Ermənistan daxilində bu istiqamətdə aparılan proses Paşinyan üzərində təzyiq buludu yaradır. Keçmiş prezidentlər Serj Sərkisyan, Robert Köçəryan və onların tərəfdarları, eləcə də separatçılar, revanşistlər 1915-ci il hadisələri ətrafında sıx birləşiblər. Ölkədə Paşinyan əleyhinə bu şəkildə bir mühit yaratmağa çalışırlar.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaqsa, İrəvan bu soyqırımı iddialarını dayandırmağa məcburdur. Belə görünür ki, ermənilər özlərinə qarşı daxildə yaratdıqları konfliktlərlə belə qırğınlara yol verəcəklər”.

Qeyd edək ki, bir müddət öncə Nikol Paşinyan soyqırımı məsələsindən danışarkən bunun təbliğatının onlar üçün faydalı olmadığını bildirib.

Ayşən Mustafa
Globalinfo.az