Ermənistanda Qarabağ qarşıdurması pik həddə – Plan baş tutacaqmı?

Ermənistanda kilsə və hakimiyyət qarşıdurması kəskinləşir. Bunun əsas motivi isə Qarabağ məsələsidir. Ermənilərin katolikosu II Qaregin qondarma “artsax” iddiasından əl çəkmir. Paşinyan hakimiyyətinin bütün etirazlarına baxmayaraq, erməni katolikos “artsax” iddiasını yenidən gündəmə gətirir.

Paşinyan kilsənin bu ritorikasının qarşısını necə alacaq? Qareginin həbsi və ya yerindən uzaqlaşdırılması mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov qeyd edib ki, kilsə Ermənistan dövlətində mühüm yer tutur:

İlyas Hüseynov

“Kilsədə İrəvan üçün bir sıra planlar cızılır, onların reallaşdırılması həyata keçirilir. Bəzi erməni ideoloqları da kilsənin təsiri altında formalaşıblar. Bu gün “dqr”nin fəaliyyət göstərməməsi, Azərbaycanın tarixi qələbəsi kilsənin fəaliyyətinə ciddi zərbə vurub. Kilsə həm də maliyyə vəsaitləri deməkdir. Bu vəsaitlər revanşizmin gücləndirilməsinə və erməni ideyasının təşəkkülünə xərclənir. Erməni katalikosu II Qareginin iqnor edilməsi, Paşinyanın hakimiyyətə gəlişi ilə kilsən ilə münasibətlərin pisləşməsi bu gün yeni fazaya daxil olub. Kilsə birbaşa Ermənistan hakimiyyətini günahlandırır. Burda kənar qüvvələrin də təsiri var. Bu qarşıdurmalar gələcəkdə də güclənəcək”.

Orta Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan isə vurğulayıb ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Kilsə ilə hökumət arasındakı mövcud ixtilaf dərinləşdi:

Sədrəddin Soltan

“Paşinyan bunu açıq şəkildə bəyan etməsə də hakimiyyət həmin kilsəni Rusiyaya bağlı hesab edir. Ona görə də bu qurumda təmizləmə işlərinin aparılmasının tərəfdarıdır. Qaregin, Köçəryan və Sarkisyan kimi revanşistlər Qarabağın Ermənistana aid olması uydurma ideyasını dəstəkləyirlər. Bu ideya, xülya sıradan çıxdıqdan sonra kilsə, diaspora ideoloji baxımdan tərksilah olundu. Onları türklərə qarşı birləşdirən əsas məsələ torpaq amili idi. Yenidən Qarabağ məsələsini gündəliyə gətirməklə rəsmi İrəvanın yürütdüyü siyasətə qarşı çıxır. Görünür, bu addım kilsəyə təzyiqləri də artıracaq”.

Safura Bənnayeva
Globalinfo.az