Müharibə bitsə, sülh quruculuğu istiqamətində ciddi addımlar atılsa da, Ermənistanın xaricdən dəstəkli müxalifət qüvvələri Azərbaycana qarşı saxta təbliğatlar və revanşizm ideyalarının təşviqindən əl çəkmirlər.
Çexiyanın paytaxtı Praqanın şəhər meydanında Qərbi Azərbaycan və Qarabağın tarixi və mədəni irsinə həsr olunmuş açıq havada foto sərgisi keçirilib. Tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiyadakı koordinatoru və “Odlar Yurdu” cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Azərbaycanın öz tarixi irsinin Avropaya təqdimatı isə Ermənistan parlamentinin “etiraz gündəliyi”ni dolduran məsələyə çevrilib.
Parlamentin qalmaqallı müxalif deputatı Lilit Qalstyan Çexiyadakı sərgiyə görə Bakını ittiham edən açıqlamalar verib. Qalstyan Bakını “erməni mədəni irsini Azərbaycan mədəniyyəti kimi təqdim etməkdə” günahlandırıb. Erməni deputat Qarabağ və Qərbi Azərbaycanın tarix və mədəniyyətinin Avropa platformasında sadə bir təqdimatını belə “erməni ideologiyası üçün təhlükəli addım” kimi təqdim edib. Maraqlıdır ki, o, Azərbaycanın son zamanlarda beynəlxalq arenada xüsusi şəkildə aktivləşdiyini, xeyli işlər gördüyünü və bütün bunların ermənilər üçün heç də müsbət hal olmadığını bildirib. Qalstyan Ermənistan dövlətinin gəcələyi üçün deyil, birbaşa baş nazir Nikol Paşinyanın ölkə üçün təhlükəli adlandırdığı və dəyişdirməyə çalışdığını dəfələrlə vurğuladığı “erməni ideologiyası” üçün narahat olduğunu vurğulayır. Yəni məsələ ölkəsinin rifahı deyil, revanşist ideologiyanın zəifləmə ehtimalıdır. Beləliklə, məsələnin ölkənin gələcəyindən çox, SSRİ-dən bu yana ermənilər üçün qəlibləşdirilmiş revanşist iddeoloji xəttin nümayəndələrinin narahatlığı olduğu anlaşılandır.
Yeri gəlmişkən, Lilit Qalstyan Ermənistanda revanşist cəbhənin ən aktiv simalarındandır. O, hətta Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə çalışmasına görə həbs edilən Baqrat Qalstyan və tərəfdarlarını birbaşa müdafiə edir, onlara haqq qazandırır. Erməni deputatın bu addımı belə öz cəmiyyətində onun real mövqeyi ilə bağlı mübahisəli suallar doğurub.
Erməni lobbisi və Azərbaycan
Digər yandan, Ermənistan revanşistlərinin son 30 ildə Azərbaycan və Qarabağın mədəni irsini, tarixini beynəlxalq platformalarda “ermənilərə məxsus” kimi təqdim etməsi onlar üçün “normal” hesab edilirdi. Erməni separatçıları üçüncü ölkənin də maddi və mənəvi dəstəyi ilə Qarabağın bir çox abidəsini özlərininki kimi təqdim ediblər. Məsələn, hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın dəstəklədiyi “Revival of Oriental Historical Heritage” (Şərq Tarixi İrsinin Dirçəldilməsi) fondu 2019-cu ildə Şuşada bir neçə tarixi-memarlıq abidəsini təmir edib və onları “artsax-erməni irsinin nümunəsi” kimi dünyaya tanıtmağa çalışıb. Hətta Şuşadakı Yuxarı Gövhər Ağa məscidini belə guya “təmir” edərək bir müddət Qarabağa gətirdikləri turistlərə “Ermənistan–İran” dostluq nümunəsi kimi tanıtmağa cəhd göstəriblər. Separatçıların Qarabağa təbliğat məqsədli “turist” səfərləri birbaşa İrəvandakı revanşistlər tərəfindən dəstəklənib.
Erməni lobbisi 30 il müddətində xarici arenada çox ciddi anti-Azərbaycan təbliğat sistemi qurmağa çalışıb. Bu lobbi və diaspora şəbəkəsi hazırda Ermənistan hökumət ilə də kəskin fikir ayrılığı yaşayır, ölkənin revanşizmdən uzaq, Azərbaycanla sülh şəraitində yaşamaq təşəbbüslərini dəstəkləmirlər. Biz isə sadəcə öz mədəniyyətimiz və tariximizi dünya platformalarına çıxarmağı hədəfləmişik.

Praqadaki sərgidən
Diasporun yeni “hücumu”
Azərbaycan 30 illik saxta erməni təbliğatını bütün reallığı ilə təqdim etməyə çalışır. Məsələn, yaxın zamanda qlobal “Marriott Bonvoy” şəbəkəsi, “Booking.com və GetYourGuide.com kimi dünyaca nüfuzlu səyahət saytları Qarabağa turların reklamını paylaşıblar. Lakin bu, Ermənistan ictimaiyyətində deyil, məhz müxalifət, lobbi və diasporasında müzakirə mövzusuna çevrilib. Hətta lobbi dərhal hərəkətə keçib, “Marriot Bonvoy” şəbəkəsinə ciddi təzyiq göstərərək onları reklamı silməyə məcbur ediblər. Digər platformalar isə bütün etirazlara rəğmən, məlumatı saxlayıblar. Hətta erməni diaspora və lobbisi, o cümlədən mətbuat “Marriot Bonvoya” təzyiq xəbərini qürurla tirajlayır və bunu “uğur” adlandırırlar. Halbuki sözügedən addım onların revanşist ideologiyası və anti-Azərbaycan təbliğatının birbaşa sübutu kimi beynəlxalq arenada təsdiq edildi.
Azərbaycan Ermənistandan fərqli olaraq başqa ölkənin və xalqın tarixini mənimsəmir, əksinə, işğala, təcavüzə məruz qalan və mübarizə nəticəsində xilas etdiyi tarixini, mədəniyyətini dirçətlməyə, özünə qaytarmağa, saxta pərdəni qaldırıb dünyaya həqiqəti göstərməyə çalışır.
Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistandakı revanşist şəbəkə öz məkrli planlarından, saxta tarix abbisiyalarından əl çəkmək istəmir. 2020-ci ildən sonra yaranmış reallığı qəbul etmək istəmirlər. Burda onlara dəstək olan bəzi ölkələrin niyyətləri də məlumdur. Hazırda Azərbaycanla Ermənistan arasında sülh müzakirələri gündəmdədir. Hər iki ölkənin rəhbərləri sülh sazişinin imzalanması, Bakı ilə İrəvan arasında münasibətlərin daha da normallaşması üçün çalışır və buna xeyli dərəcədə nail olublar. Revanşistlər və dəstəkçiləri isə gedən qatara daş atmaqla məşğuldurlar. O daşın onların öz başlarını yardığını isə anlamaq istəmirlər…
Ayşən Mustafa
Globalinfo.az