Ermənistana çox yaxşı xəbərlərimiz var – Leyen

“Ermənistanda biznesin inkişafı üçün növbəti 4 ildə 270 milyon avro maliyyə dəstəyi göstəriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirilən üçtərəfli görüşdə jurnalistlərə açıqlamasında deyib.

Avropa Komissiyası rəsmisi görüşün Ermənistanın inkişaf perspektivlərinə həsr olunduğunu bildirib:

“Avropaya təmiz, bərpa olunan enerji gətirə biləcək Qara dəniz xətti kimi mühüm infrastruktur layihələrinə investisiyalarımız olacaq. Biz Ermənistanın bərpa olunan enerji sektoruna sərmayə qoyacağıq ki, Gürcüstanla daha yaxşı əlaqələrimiz olsun. Bu yardım Aİ-nin dəstək paketinə əsaslanır. Bu paket çərçivəsində yarım milyon avro toplanıb. Bu, çox yaxşı xəbərdir, amma yeni paketimiz də olacaq. Ona görə də biz bu proqramların icrasını sürətləndirə və investisiyaların səmərəliliyini maksimuma çatdıra biləcəyimiz yeni koordinasiya platforması yaratdıq”.

Ayşən Mustafa
Globalinfo.az