Ermənistan son vaxtlar sərhədyanı ərazilərdə “hava hücumu zamanı əhalinin xəbərdar edilməsi, sığınacaqlara yerləşdirilməsi və təxliyəsi üzrə işin təşkili” çərçivəsində hərbi təlimlər keçirir. Rəsmi İrəvanın Kəlbəcər və Laçın təxribatından sonra belə təlimlər keçirməsi diqqət çəkir.
Ermənistanın bu təlimləri keçirməkdə məqsədi nədir?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan cəmiyyətini növbəti müharibə ilə qorxutmağa çalışır:
“İrəvan vaxtaşırı belə təlimlər keçirir və bununla sanki gərginlik, hücum ehtimalı varmış kimi təəssürat yaratmağa çalışır.
Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdur. Rəsmi Bakı bunu dəfərlərlə bildirib. Əksinə, Ermənistan özü tez-tez təxribat törədir, gərginliyi artırır. Belə gərginliklər Paşinyanın daxili auditoriyanı qorxu və təhdidlə nəzarətdə saxlamaq istəyindən qaynaqlanır.
Elxan Şahinoğlu
Paşinyan ordunu NATO standartları əsasında inkişaf etdirmək istəyir. Təlimlərlə bağlı əmrlər Moskvadan yox, artıq Qərbdən, Parisdən gəlir. Hesab edirəm, bu da təlimlərin bir səbəbi ola bilər”.
Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, Ermənistan hava hücumu zamanı əhalinin sığınacaqlarda yerləşdirilməsi məsələsinə çox böyük diqqətlə yanaşır:
“Bu, daha çox onların tarixi Azərbaycan torpaqlarında yerləşməsi ilə bağlıdır. Qeyd edim ki, işğal dövründə Qarabağda da bənzər təlimlər keçirilir, əhali zirzəmilərə, sığınacaqlara girirdi.
Ermənistan yaxşı başa düşür ki, tarixi Azərbaycan ərazilərindən silahlı qüvvələrimizə atəş açmağa davam edərsə, sülh prosesindən yayınarsa, səbrimiz daşacaq.
Ədalət Verdiyev
Ermənistan əhalinin sığınacaqlara yerləşdirilməsini məşq edir ki, gələcəkdə təxribatlar törətdikdə cavab zərbəsinə hazır olsun. Lakin Azərbaycan Ordusu mülki obyektləri hədəf almır”.
Turan Rzayev