İrəvanın Zəngəzur dəhlizi barədə absurd bəhanəsi – Əliyevdən qəti mövqe

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycandan Naxçıvana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir:

“Əgər dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik”.

Maraqlıdır, İrəvan Zəngəzur dəhlizindən niyə boyun qaçırır? Bu, daxili səbəbdir, yoxsa başqa ölkənin təzyiqinə görə buna razı olmur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Cənubi Qafqazda sülhə mane olmaq istəyən güclər siyasi, diplomatik, ideoloji-mənəvi cəhətdən regiona təsir edirlər:

“Bu prosesin arxasında erməni lobbisi, kilsəsi və revanşist qüvvələr dayanır. Ölkəmizə qarşı geniş əks-təbliğat aparılır. Bu qüvvələr həm də Ermənistan hakimiyyətinə təsir edərək Zəngəzur dəhlizinin açılmasına mane olurlar. Halbuki Paşinyan bu məsələ ilə bağlı öhdəlik götürmüşdü, indi isə müxtəlif bəhanələr gətirir. Ümumiyyətlə, bu dəhlizin Ermənistanın suverenliyinə təhdid olması fikri absurddur.

İlyas Hüseynov

Fikrimcə, Ermənistan sülhdən yayına bilməyəcəyi kimi, dəhlizin açılmasına da razı olacaq. İki ölkə arasında sülhün əldə edilməsi dövrün tələbidir. Sülh müqaviləsi imzalandıqdan sonra diplomatik, siyasi və iqtisadi münasibətlər qurulacaq. Belə olan təqdirdə isə Zəngəzur dəhlizinin açılması da vacib olacaq.

Atılan addımlara mane olmaq cəhdlərinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq və Zəngəzur dəhlizi açılacaq. Əks təqdirdə, Prezidentin də dediyi kimi, Ermənistanla başqa yol açılmayacaq”.

Politoloq vurğulayıb ki, hazırda regionda təhlükəsizlik sistemi qurulur, silah səsləri eşidilmir:

“Bu prosesin uzunmüddətli olması arzuediləndir, lakin sabitlikdə, sülhün əldə edilməsində maraqlı olmayan qüvvələr də var. Əgər ölkəmizə qarşı hər hansı təxribat və ya buna cəhd olarsa, Ordumuz dərhal adekvat cavab verəcək”.

Turan Rzayev
Globalinfo.az