Ermənistan Ruslanı niyə qaytardı? – Gözlənilməz qərarın gerçək səbəbi

Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb. Əsirimizin qısa müddət ərzində geri qaytarılması Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına işarə ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva qeyd edib ki, əsirin qaytarılması Ermənistanla Azərbaycan arasında etimad quruculuğu prosesinin uğurla davam etdiyinin göstəricisidir:

“Bu, onu deməyə əsas verir ki, İrəvan Bakının sülh əlini sıxmağa doğru iri addımlar atır. Bu addımların atılmasında əsas təşviqedici Bakıdır. Hərbi əməliyyatların uğurla aparılması, diplomatiyanın peşəkar yürüdülməsi Ermənistana dalan vəziyyətindən çıxış yolunu göstərmək üçün kifayət etdi.

Cənubi Qafqazda yeni reallıqlar formalaşdırılıb. Həmin kontekstdə Fransa, Yunanıstan, Hindistan kimi qüvvələrin bu ölkəni silahlandırması heç bir perspektiv vəd etmir. Biz dünyaya göstərdik ki, Cənubi Qafqaz bu bölgədə yaşan ölkələrə məxsusdur və problemləri də region ölkələri tərəfindən həll oluna bilər”.

Politoloq qeyd edib ki, artıq Prezident İlham Əliyevin vasitəçisiz görüş təklifi də qəbul edilib:

“Bu onu göstərir ki, Qərbdə də ölkəmizə qarşı etimadın güclənib və Bakının haqlı şərtləri qəbul edilir. “Yıxa bilmədiyin əli sıxmalısan” deyimi artıq praktikada öz təsdiqini tapır. Bu əli sıxmaq İrəvana digər sıxdığı əllərdən daha çox dividientlər qazandıracaq. Bu əlin sıxılması qonşu ölkəni heç də asılı vəziyyətə salmır, əksinə digər güclərdən asılılığını aradan qaldırır, müstəqil, dalan vəziyyətindən çıxmış ölkəyə çevirir”.

Safura Bənnayeva
Globalinfo.az