Ceyhun Bayramov Türkiyədə görüşlər keçirir – FOTOLAR

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazirlər, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

X X X 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Maria Laura da Roşa ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Görüşdə Azərbaycan və Braziliya arasında əməkdaşlıq gündəliyi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məsələlər, habelə regional vəziyyət müzakirə olunub.

Yaxın günlərdə Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsinin məmnunluq doğurduğunu diqqətə çatdıran tərəflər, mövcud əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün bu mexanizmin inkişafına əhəmiyyət verdiyimizi bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin COP29-la bağlı tərəfimizdən görülən hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandırıb.

Xüsusilə, cari ildə COP29-a sədrliyimiz dövründə COP Üçlüyü çərçivəsində Braziliya ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

X X X

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycanın sülhün və sabitliyin möhkəmləndirilməsinə, genişmiqyaslı əməkdaşlığın təşviqinə sadiqliyi qeyd olunub.

X X X

Martın 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mihail Popşoy ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında çoxtərəfli platformalarda (BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM) həyata keçirilən uğurlu əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

İnvestisiyalar, ticarət, enerji, nəqliyyat kimi sahələrdə ikitərəfli əlaqələrin geniş potensiala malik olduğu bildirilib, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi diqqət ayrılmasının, eləcə də yüksək səviyyəli səfərlərin önəmi vurğulanıb.Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparılıb.

X X X

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və İraq arasında intensiv qarşılıqlı təmasların və səfərlərin münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, mədəni və s. istiqamətlər üzrə uğurlu inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycan və İraq arasında tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin ikitərəfli, o cümlədən regional və beynəlxalq platformalar çərçivəsində nümayiş olunan qarşılıqlı dəstəkdə özünü biruzə verdiyi bildirilib.

Qarşı tərəf cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı ətraflı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub və İraq tərəfinin prosesdə yaxından iştirak edəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı durumundan bəhs edib.

Nazir Fuad Hüseyn İraqın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyini ifadə edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov İraqın XİN başçısı ilə görüşüb

X X X

3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüşüb.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov Azərbaycanın AQEM-i vahid norma və prinsiplər toplusuna əsaslanan unikal dialoq və əməkdaşlıq platforması kimi qiymətləndirdiyini vurğulayıb.

AQEM prosesinin qurucu üzvlərindən biri kimi Azərbaycanın qarşılıqlı faydalı iqtisadi və sosial əməkdaşlığın inkişafı və müvafiq etimad quruculuğu tədbirləri çərçivəsində birgə təşəbbüs və layihələrin həyata keçirilməsinin, regional və beynəlxalq nəqliyyat və tranzit əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırıb.

Görüşdə bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində AQEM tədbirinin keçirilməsi və ətraf mühit sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov AQEM baş katibi ilə regional əməkdaşlığı müzakirə edib

X X X

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Lüksemburq Baş nazirinin müavini və xarici işlər naziri Xavier Bettel ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında yazıb.

Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu çərçivəsində baş tutan görüşdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib və gələcək perspektivlər ətrafında müzakirələr aparılıb.

Azərbaycan XİN başçısı lüksemburqlu həmkarı ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib

X X X

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Albaniya XİN rəhbəri İgli Hasani ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

Qeyd olunub ki, tərəflər Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu çərçivəsində görüşüblər. Nazirlər Azərbaycan və Albaniya arasında münasibətlərin cari vəziyyətini və əməkdaşlığın perspektivlərini müzakirə edib, yeni tərəfdaşlıq sahələrinə xüsusi diqqət yetiriblər.

Ceyhun Bayramov Albaniya XİN rəhbəri ilə görüşüb

X X X

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Etimad Tədbirləri üzrə Konfransın (CICA) Baş katibi Kairat Sarybay ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Vurğulanıb ki, rəsmi Bakı CICA çərçivəsində tərəfdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır.

X X X

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi barədə danışıblar.

X X X

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın 2-də ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

Globalinfo.az Azərbaycan XİN-dən verilən məlumata görə, görüş zamanı, Azərbaycan-ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib.

Bildirilib ki, Azərbaycanla-ATƏT arasında bir sıra mümkün layihələr, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.

“Azərbaycan və Ermənistan arasında mövcud sülh və normallaşma gündəliyində olan son proseslərdən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən müxtəlif platformalarda səsləndirilən anti-Azərbaycan xarakterli bəyanatların, eləcə də həyata keçirilən son təxribatların Ermənistanın səsləndirdiyi sülh ritorikası ilə ziddiyyət təşkil etdiyi vurğulanıb”, – məlumatda bildirilir.