Ermənistan Milli Asambleyasında “dövlət mükafatları və fəxri adlarının verilməsi” ilə bağlı qanunun müzakirəyə çıxarılması ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Globalinfo.az xəbər verir ki, ölkənin ədliyyə nazirinin müavini Armenuhi Arutyunyan, partlamentin sədri Alen Simonyan və digər hökumət rəsmilərinin hazırkı vəziyyətdə “xalq artisti” adının kimlərə verilməsi məsələsini ciddi müzakirə predmetinə çevirməsi sosial şəbəkələrin erməni seqmentində lağ obyekti olub.
Parlamentin sədri Alen Simonyan Ermənistanda kiminsə övladının toyuna gedib mahnı oxuyan və səsi bəyənilən sənətçilərə yüksək vəzifədəki şəxslərin dəstəyi ilə “xalq artisti”, “populyar müğənni” kimi statusların verilməsinin doğru olmadığını deyib.
Bütün bu müzakirələr ölkə ictimaiyyətində narazılıqla qarşılanıb. Ermənilər sentyabrdakı antiterror əməliyyatları, Qarabağdan Ermənistana köç, buraya gələn insanların sosial vəziyyətinin aşağı olması və sıxışdırılması, o cümlədən son günlər orduda baş verən ölüm hadisələri fonunda hökumətin belə bir məsələni müzakirə etməsinin gülməli olduğunu vurğulayıblar.
Ayşən Mustafa
Globalinfo.az