Ermənistan ordusu cəmi bir sutka davam gətirə bildi – ŞƏRH

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun şücaəti sayəsində Ermənistan üzərindəki tarixi Qələbəmizdən sonra beynəlxalq ictimaiyyətdə işğalçı ölkənin məğlubiyyətlə barışıb sülh müqaviləsi imzalayacağına və işğal siyasətinə birdəfəlik son qoyacağına ümid yaranmışdı. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın məğlubiyyətdən sonra bu istiqamətdə müəyyən addımlar atmaq istədiyi, Brüsseldə, Soçidə, Moskvada, Vaşinqtonda, habelə digər şəhərlərdə keçirilən üçtərəfli və dördtərəfli görüşlərdə səsləndirdiyi fikirlər, imzaladığı müqavilələr də bu ölkənin sülhə meyilli olmasından xəbər verirdi. Lakin revanşist qüvvələr və Fransa kimi ikili standartlardan əl çəkməyən ermənipərəst dövlətlər, həmçinin qərəzli beynəlxalq təşkilatlar, o cümlədən Nikol Paşinyanın qeyri-ciddiliyi Ermənistanı yeni təxribatlar törətməyə sürüklədi. Nəticədə dəfələrlə atəşkəs rejimi pozuldu, işğaldan azad edilmiş ərazilərdə yeni təxribatlar törədildi.

Globalinfo.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Qarabağdakı erməni silahlı birləşmələrinin tez-tez təxribatlar törətməyə cəhd etmələri hər birimizin səbrini tükəndirmişdi. Sonuncu dəfə sentyabrın 19-da Xocavənd rayonunun Tağaverd yaşayış məntəqəsinin ərazisindəki tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minanın partlaması nəticəsində polis əməkdaşlarının həyatlarını itirmələri və müxtəlif dərəcəli bədən xəsarətləri almaları səbir kasasını daşırdı. Həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırdığı minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi də sıradan çıxmış və mülki şəxslər həlak olmuşdu. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi. Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Lakin işğalçı ölkə bundan nəticə çıxarmamış, öz qəddarlığını, vandallığını davam etdirmişdi. Buna görə də düşmənin bu ərköyünlüyünün qarşısının alınmasının vaxtı çatmışdı.

Çingiz Qənizadə

“Bütün bunlardan sonra Azərbaycan Ordusunun Qarabağda lokal xarakterli antiterror tədbirlərini başlatması labüd idi. Qısa vaxt ərzində Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Vəziyyətin getdikcə ağırlaşdığını görən erməni silahlı birləşmələri təslim olmaq məcburiyyətində qaldılar. Üç il əvvəl Vətən müharibəsində 44 gün davam gətirən Ermənistan ordusunun qalıqları bu dəfə cəmi bir sutka duruş gətirə bildi. Dünya birliyi də şahid oldu ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı. Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Halbuki, erməni silahlıları bu dəfə də mülki əhalini hədəfə almışdı”, – deyə Ç.Qənizadə vurğulayıb.

Komitə sədri deyib ki, Azərbaycanın Ermənistan üzərindəki tarixi Zəfərindən sonra ölkəmiz Qələbədən-Qələbəyə irəliləyir. İstər siyasi, diplomatik, informasiya, istərsə də hərbi sahələrdə qələbələrimiz bir-birini əvəz edir. Bu, Azərbaycanın getdikcə qüdrətlənməsinin göstəricisidir. Bütün bunlardan sonra Ermənistanın sülh müqaviləsinin imzalanması yolunda konkret addım atacağına inam yarana bilər. Prezident, Ali Baş Komandan İlham Əliyev də sentyabrın 20-də xalqa müraciətində dedi ki, Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaq: “Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”.