Ermənistan Mehri və Basarkeçəri niyə boşaldır? – Hərbi ekspert mesaj verdi

12-13 fevral tarixlərində Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginlik və hadisələrdən əvvəl Vardenisdə (Basarkeçər – red.), Mehridə bir sıra dövlət obyektlərinin bağlanması İrəvanda rezonans doğurub. Bəzi erməni ekspertlər ərazilərin Azərbaycana təhvil verilməsi və ya Zəngəzur dəhlizinə görə sözügedən ərazilərin boşaldılması haqqında fikirlər səsləndirirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov qeyd edib ki, Ermənistanda şəhərlərin, qəsəbələrin boşaldılması ciddi iqtisadi, sosial problemlərlə bağlıdır:

“Azərbaycanla münasibətlərin pisləşməsi, sülh müqaviləsinin hələ də imzalanmaması İrəvanda böyük xaos yaradıb. Statistika göstərir ki, Ermənistanda demoqrafik böhran yaşanır. Əhalinin vəziyyəti hər gün daha da pisləşir. Nəticədə Ermənistanı daimi tərk edənlərin sayında artımlar müşahidə edilir.

Ermənistan mediası Azərbaycanın ərazi iddiasında olduğunu yazır, lakin biz bu ölkənin beynəlxalq səviyyədə tanınan əraziləri ilə bağlı iddia ortaya qoymamışıq. Bakının mövqeyi Qərbi Azərbaycana dinc qayıdışla bağlıdır. Sadəcə, erməni mediası ölkənin düşdüyü bərbad vəziyyəti manipulyasiya etmək üçün bu tip iddialarla xalqı aldatmağa çalışır”.

Hərbi ekspert Ədalət Verdiyev isə vurğulayıb ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışır:

“İrəvan sülh gündəliyindən bəhs etsə də, təxribatlardan əl çəkmir. Fevralın 12-də baş verən təxribatlara Azərbaycan Ordusu kifayət qədər adekvat cavab verdi. Ona görə də Ermənistanın səsləndirdiyi fikirlər və real fəaliyyəti arasında fərqlər görünür. Bu da sülhün əldə olunmasına kənar qüvvələrin, xüsusən Avropa İttifaqının mane olduğundan xəbər verir. Rəsmi İrəvan başa düşməlidir ki, təxribata cəhd etsə, heç bir qüvvə arxasında dayanmayacaq”.

Safura Bənnayeva
Globalinfo.az