Ermənistan Kamildən başqa kimləri axtarışa verib? – “Rezonans doğura bilər”

Kamil Zeynallının Rusiyada saxlanılması və Ermənistan tərəfindən axtarışa verilməsi cəmiyyətə ciddi narahatlıq yaradıb. Bir çox insan iş və qohumları ilə bağlı Rusiyaya getdiyi üçün saxlanılmaq təhlükəsi ilə üz-üzə olduğunu düşünür.

Başqa kimlər Ermənistan tərəfindən axtarışa verilib? Dövlətin əlində bu haqda məlumat varmı? İndiki həssas dönəmdə Ermənistanın tələbi ilə üçüncü ölkədə saxlanılan azərbaycanlı dərhal İrəvana aparıla bilərmi? Ermənistanın şikayət etdiyi azərbaycanlı Avropa ölkələrindən birində saxlanıla bilərmi? Saxlanılsa, onu Rusiyadakı kimi xilas etmək olar?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq, hüquq üzrə ekspert Xəyal Bəşirov deyib ki, Kamil Zeynallı saxlanılan an heç bir ajiotaja gərək olmadığını qeyd edib:

“Çünki Azərbaycan vətəndaşı əsassız şəkildə həbs edilə və ya Ermənistana göndərilə bilməz. Rusiya özü də belə bir addımı heç vaxt atmaz. Çünki bu halda rəsmi Moskva öz ərazisindəki azərbaycanlıları aqressivləşdirə və özünə qarşı çevirə bilərdi.

Kamil Zeynallı

Bu gün Rusiyada minlərlə azərbaycanlı yaşayır. Özü də onların arasında imkanlı hərbi və siyasi fəaliyyəti olan mühüm şəxslər də var. Paralel olaraq Azərbaycanla yaxın olan rusiyalı siyasətçilər, hərbçilər, sənət adamları da bu məsələyə ciddi reaksiya verə bilərdi.

Ermənistanın verdiyi axtarış da beynəlxalq hüquqa uyğun deyil. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ərazisində deyil, Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində gedib. Yəni Ermənistanın burada heç bir söz haqqı yoxdur.

Ermənistan ola bilər ki, bu addımı Azərbaycanda saxlanılan separatçı rejimin “liderlərini” geri almaq üçün edir, amma aydın məsələdir ki, buna nail ola bilməyəcək. Məsələ ondadır ki, Azərbaycan bu günə qədər Ermənistan vətəndaşı olan hərbçiləri də, separatçı “liderləri də” Azərbaycan ərazisində saxlayıb. Belə olan təqdirdə Ermənistanın Azərbaycan vətəndaşını başqa bir ölkə ərazisində saxlatdırıb gətirməsi qanunsuzdur. Bu, ciddi şəkildə rezonans doğura bilər.

Bu baxımdan digər vətəndaşlarımızın Rusiya və ya hansısa bir ölkədə saxlanılıb Ermənistana aparılması real deyil. Bu baş versə də həmin ölkə Azərbaycanı qarşısına almalı olacaq”.

Turan Rzayev
Globalinfo.az