Uzun müddətdir ki, Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması ətrafında müzakirələr gedir. Lakin hələ də imzalanması üçün Ermənistan tərəfindən əməli addımlar atılmayıb.
Bununla paralel olaraq, şərti sərhəddə atəşkəsin tez-tez pozulması sülh əvəzinə yeni eskalasiyanın başlayıb-başlamayacağı ilə bağlı suallar yaradır.
Globalinfo.az-a danışan, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri, politoloq Fərid Şəfiyev deyib ki, yaxın günlərdə hər hansı hərbi toqquşmanın olması gözlənilmir:
“Ermənistan ənənəvi siyasətini davam etdirir. Hazırda apardığı manevrlərlə həm Azərbaycanla guya sülh müqaviləsi imzalamağa hazır olduğunu göstərməyə çalışır, həm də atəşkəs pozuntuları, təxribatlar həyata keçirir. Bunlar sadəcə vaxt qazanmağa hədəflənmiş addımlardır.
Fərid Şəfiyev
Azərbaycan isə sülh təşəbbüsünü irəli sürüb. Hətta bunun üzərində artıq işlər də gedir. Ermənistanın mövcud mövqeyi COP29-a qədər Qərb ölkələrinin əli ilə rəsmi Bakıya təzyiq etməkdir. Yəni hələ razılaşdırılmamış, tam hazır olmayan şərtlərlə Azərbaycanın sülh müqaviləsini imzalamasını istəyirlər. Hesab edirəm ki, Bakı bu addıma getməyəcək”.
Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanı güclü cavab atəşinə təhrik edir:
“Sərhəddə baş verən təxribatlar fonunda belə qənaətə gəlmək olar ki, bu İrəvanın oyunlarının bir hissəsidir. Yəni COP29 ərəfəsində Azərbaycanın Ermənistana sərt cavab verməsində maraqlıdırlar. Bununla da guya özlərinin sülh, Bakının isə müharibə istədiyini göstərmiş olacaqlar. Lakin ümumilikdə Azərbaycan və Ermənistan arasında yeni eskalasiyanın baş verməsi gözlənilmir”.
Safura Bənnayeva
Globalinfo.az