
Ermənistan Daxili İşlər Nazirliyinin tədbirində divardan asılan xəritə ölkədə ciddi müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan sözügedən xəritəni plenar iclasda göstərərək tənqid edib.
Deputat xəritədə Artsvaşenin (Başkənd – red.) olmadığını bildirib:
“DİN keçirdiyi bir tədbirdən video yayımladı, izlədim, orada xəritəni görən kimi fotosunu götürdüm. Ölkənin kontur xətirəsini çəkiblər, bəs Arstvaşen haradadır? Daxili İşlər Nazirliyi niyə Ermənistan xəritəsində o kəndi qeyd etməyib?”
Daxili işlər nazirinin müavini Armen Qazaryan parlamentdə çıxış edərək Manukyanın suallarına cavab verib. O bildirib ki, xəritənin asıldığı zal nazirliyin xilasetmə xidmətinə məxsusdur. Qazaryan kontur xəritənin yeni olmadığını, illərdir sözügedən divarda asıldığını, orada heç bir dəyişikliyin edilmədiyini deyib. DİN rəsmisi bunun səhv olduğunu və yaxın zamanlarda düzəldiləcəyini bildirib”.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın anklavı olan Qazaxın Sofulu, Bərxudarlı və Yuxarı Əskipara, Naxçıvanın Kərki kəndlərindən danışarkən, Gədəbəyin Başkənd kəndini ölkəsinin anklavı adlandırıb. Baş nazir bununla Bakıya qarşı növbəti ərazi iddiası ilə çıxış edib. Lakin Paşinyanın açıqlamalarının sadəcə erməniləri sakitləşdirmək məqsədi daşıdığı, delimitasiya prosesinin növbəti mərhələsində anklavların Bakıya qaytarılması üçün hazırlıq görüldüyü deyilir.
Ayşən Mustafa
Globalinfo.az