Qərb və Rusiyanın Xankəndiyə iki fərqli yanaşması – Bakı hansını seçməli?

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilmiş görüşü şərh edib. Bildirilib ki, Ermənistan Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qəbul edib. Nazirlik görüşü faydalı və nəticəyönümlü hesab etdiyini açıqlayıb.

Məlum olduğu kimi, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün üç əsas format var: Brüssel, Vaşqinton və Moskva. Son zamanlar Avropa İttifaqı və ABŞ Rusiyanı qabaqlayır.

Maraqlıdır, indiki məqamda hansı format daha məqbuldur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Brüssel və Vaşinqton platformaları bir sıra hallarda bir-birini tamamlayır:

“Ümumiyyətlə, Qərbin və Rusiyanın danışıqlar prosesinə mövqeyi fərqlidir. ABŞ və Aİ-nin regiondakı maraqları daha çox iqtisadi kontektslidir. Bu maraqların təmin olunması üçün bölgədə təhlükəsizlik bərpa edilməli, nəqliyyat-kommunikasiya xətləri açılmalıdır.

Rusiya isə əksinə, regiondakı gərginlikdə maraqlıdır. Çünki bölgədə “sular durularsa”, rəsmi Moskva buradakı mövcudluğunu təmin edə bilməyəcək. Daha rus sülhməramlılarının mövcudluğuna da ehtiyac qalmayacaq.

Əlbəttə, hazırda bizim üçün sərfəli variant Qərb platformalarıdır. Azərbaycanın bu formatlara daha səmimi yanaşması da təsadüfi deyil.

Vaşinqton və Brüsseldə keçirilən görüşlərdə adətən müəyyən nəticələr əldə olunur. Hər halda müzakirələr maraqlarımıza uyğun baş tutur. Bu mənada, şübhəsiz ki, sözügedən formatlardan imtina etmək doğru olmaz”.

Kənan Novruzov

Ekspert hesab edir ki, Aİ-nin işinə mane olan əsas tərəf sözügedən qurumun sədri olan Fransadır:

“Çünki rəsmi Paris reallıqları qəbul etmək istəmir. Fransa Prezidenti Emmanuel Makron məsələlərə obyektiv yox, subyektiv mövqedən yanaşır. Buna baxmayaraq, Azərbaycan öz işini görür.

Kənar qüvvələrin sabotaj cəhdlərinə baxmayaraq, fikrimcə, proses davam edəcək. Rəsmi Bakının iradəsi və humanist mövqeyi nəticəsində biz tədricən sülh müqaviləsinə doğru gedirik. Ermənistan da Azərbaycanın bu yanaşmasına cavab verməlidir. Ermənistanın sülh gündəliyindən uzaqlaşmaq istiqamətindəki cəhdlərinə görə məsuliyyəti yalnız bu dövlət özü daşıyır”.

Turan Rzayev
Globalinfo.az