Ermənilərlə reinteqrasiya prosesi gündəmdən çıxıb?

Qarabağ erməniləri öz istəkləri və heç bir zorakılıq olmadan Azərbaycanı tərk etməsi sonrası müəmmalı qalan mövzulardan biri də şübhəsiz reinteqrasiya məsələsidir.

Maraqlıdır, reinteqrasiya prosesi gündəmdən çıxdımı? Qarabağda erməni əhali qalmayıbsa, bu məsələ qapanmış sayılırmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, reinteqrasiya prosesi gündəmdən çıxmayıb:

“Lokal xarakterli antiterror tədbirlərindən öncə Azərbaycan reinteqrasiyada maraqlı olduğunu demişdi. Hətta bu istiqamətdə mühüm addımlar atılmış, xüsusilə onlayn vətəndaşlıq üçün bütün şəffaflıq yaradılmışdı.

İlyas Hüseynov

Məhz bu imkanlardan istifadə edən erməni əsilli şəxslər bəziləri ölkədə qalıb yaşayır. Lakin erməni əsilli şəxslərin bir çoxu lokal antiterror tədbirləri sonrası öz istəkləri və heç bir zorakılıq olmadan regionu tərk etdi. O şəxslər istədikləri vaxt vətəndaşlığı qəbul edib, geri dönə bilərlər.

BMT missiyası regiona iki dəfə dəvət edilib və onlar burada müvafiq yoxlamalar, araşdırmalar aparıb. Bu araşdırmaların yekununda məlum oldu ki, həqiqətən də heç bir zorakılıq əlaməti yoxdur.

Reinteqrasiya prosesi bu gün davam edir. Qarabağda qalan ermənilər bu prosesdən faydalana bilir. Rəsmi Bakı regionda sülhün, əmin-amanlığın tərəfdarıdır və bu istiqamətdə bütün lazımi işləri görür”.

Turan Rzayev
Globalinfo.az