Ermənistan mediası Azərbaycan hərbçilərinin təxminən iki ay əvvəl Zodda bir qızıl mədəninə daxil olduğu, orada divarlara yazılar yazdığı və siqaret qoyub geri çəkildiklərinə dair məlumat yayıb.
Ciddi müzakirələrə səbəb olan bu məlumat daha sonra Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib edilib.
Bəs belə bir məlumatın yayılmasında ermənilərin məqsədi nədir? Hərbçilərimizin məhz Zoda daxil olması ilə bağlı iddianın arxasında nə dayanır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, ermənilər arasında Azərbaycandan intiqam alınması üçün çağırış edən kifayət qədər qüvvələr var:
“Ermənistanda Azərbaycanla barışmamaq ideyası, türkofobiya, islamofobiya çox güclüdür. Xüsusilə müharibədəki məğlubiyyətdə sonra Azərbaycanın hər addımı bu ölkədə hay-həşirlə qarşılanır. Ona görə belə məsələlərə çox ciddi reaksiya verirlər. Amma bunun baş verib-verməməsi belə dəqiq deyil. Köhnə hökumət klanı, ölkədəki revanşist qüvvələr, kilsə və s. güclər Azərbaycanla sülh müqaviləsinə mane olmaq üçün belə məsələlərdən istifadə edirlər. Ermənistanın zamanla güclənməsini və “intiqam” almasını istəyirlər. Ölkə daxilində bu fikri dəstəkləyən ciddi qüvvələr var”.
Əhəd Məmmədli
Politoloq ermənilərin ardıcıl məğlubiyyətdən sonra Azərbaycan tərəfinin hər addımına daha ciddi reaksiya verdiyini deyib:
“Bu, həm də bir psixoloji mübarizə, qarşıdurmadır. Sərhəddə qeyd olunan hadisələrin baş verməsi isə məlumat deyil, iddiadır. Amma yaşanıbsa, ola bilsin ki, bu, Azərbaycanın Ermənistana növbəti xəbərdarlığıdır. Yəni İrəvan sülh müqaviləsi üçün hazırkı şərtlərə razı olsun, yoxsa nəticə onun üçün daha ağır ola bilər.
Sərhəddə yerləşən hər iki tərəfə məxsus hərbi qüvvələr, sərhədçilər illərdir bu kimi üsullardan istifadə edir. Yeni bir şey yoxdur, sadəcə olaraq 44 günlük müharibə, sərhəddə yaşanan qarşıdurmalar, sentyabrda keçirilən antiterror əməliyyatı kimi ardıcıl məğlubiyyətlərdən sonra ermənilərdə Azərbaycandan qorxu yaranıb. Sərhəddə keçirilən profilaktik tədbirlər belə onlar arasında böyük səs-küyə səbəb olur”.
Ayşən Mustafa
Globalinfo.az