zerbe ordu muharibe 1

Ermənilər son günlər Naxçıvanla sərhəddə tez-tez təxribatlar edir, Muxtar Respublika ərazisini atəşə tuturlar. Sirr deyil ki, Naxçıvan 100 il öncə imzalanan Qars müqaviləsi ilə Türkiyə tərəfindən qorunur. Yəni Naxçıvana hücum olarsa, Türkiyə bu bölgəyə qoşun yeritmək haqqına sahibdir. Sözsüz ki, Ermənistan da bunu bilir. Bəs o zaman Naxçıvanla bağlı təxribatın arxasında nə dayanır?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Naxçıvan Azərbaycanın döyünən ürəyi, hətta bel sütunu olduğu üçün orada hər hansı təxribatların baş verməsi gözləniləndir:

“Bəli, Qars müqaviləsi 100 il öncə imzalanıb və həmin müqaviləyə əsasən Naxçıvan üçüncü bir dövlətə heç zaman güzəştə gedə bilməz. Bu baxımdan da Naxçıvan öz statusunu hər zaman qoruyub saxlayır. Ona görə də ora edilən hər hansı təxribatların nə Naxçıvan, nə də Azərbaycan üçün təhlükəsi var”.

C.Abbaslı bildirib ki, birmənalı olaraq Türkiyənin Naxçıvana qoşun yeritmək ixtiyarı var:

“Bu baxımdan orada baş verən təxribatların dövlətçiliyimizə hər hansı bir təhlükəsi yoxdur. Türkiyəni provakasiyaya çəkmək kimi cəhdlər təbii ki, gözləniləndir və Ermənistan hər zaman çalışır ki, Ankara bu proseslərin içində Azərbaycan tərəfindən açıq şəkildə çıxış etmiş bir ölkə kimi görünsün. Lakin buna heç zaman nail ola bilməyiblər, ola bilməyəcəklər də!

Çünki Azərbaycan öz ordusunun, hərbçilərinin qəhrəmanlığı ilə milli suverenliyini qoruyub, tarixi torpaqlarını azad edib. BMT-nin 4 qətnaməsini məhz Azərbaycan ordusu icra edib. Bu baxımdan Türkiyəni provakasiyaya çəkmək kimi cəhdlərin olması normaldır”.

Cavansir abbasli

Cavanşir Abbaslı

C.Abbaslının fikrincə, bu məsələdə bir səbəb var, o da sülh müqaviləsinə mane olmaqdır:

“Ermənilər hər vəchlə çalışırlar ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi baş tutmasın. Amma biz buna nail olacağıq və yaxın zamanda o müqavilə imzalanacaq. Ermənilər müqavilənin imzalanmasının ömrünü uzatmağa çalışırlar. Çünki bilirlər ki, sülh müqaviləsi əldə olunarsa, onların Qarabağ iddiasının üstündən tamamilə xətt çəkiləcək. Növbəti mərhələdə Azərbaycan Xankəndi məsələsinə doğru irəliləyəcək, Zəngəzur və İrəvan məsələsini ortaya qoyacaq. Ona görə də onlar Qarabağ məsələsinin tezliklə həll olunmasını istəmirlər”.

C.Abbaslı bildirib ki, Ermənistan ən çox havadarları olan Rusiya, Fransa və İrana bel bağlayır:

“Düşünürəm ki, onlara bel bağlamaq yersizdir və bunun heç bir nəticəsi olmayacaq. Azərbaycan sülh müqaviləsinin imzalanmasına nail olacaq. Döyüş zamanı düşmənin başına endirdiyimiz “dəmir yumruğ”u diplomatik masada da endirəcəyik. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra birdəfəlik Qarabağ münaqişəsinə son qoyulacaq! O gün uzaqda deyil…”

Cavanşir Abbaslı qeyd edib ki, ermənilər Qars müqaviləsinin tarixini gündəmə gətirirlər:

“Onlar Naxçıvan məsələsindəki Qars müqaviləsini gündəmə gətirirlər ki, guya onun müddəti bitib. Bəli, 100 il keçə bilər, amma unutmayaq ki, 1918-ci il mayın 29-da İrəvan da ermənilərə güzəşt edilmişdi. Xatırladaq ki, o müddət də çoxdan bitib”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: