Ermənilər Qarabağa qayıdır, azərbaycanlılar isə… – Sülh sazişindən sonrakı ssenarilər

“Sülh sazişi məsələsi hələ konkret olaraq həllini tapmayıb. Bu gün sülh bizdən daha çox Ermənistana lazımdır. Çünki Azərbaycan öz işini artıq həll edib”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Ermənistan ilə Azərbaycan arasında yekun sülh sazişi imzalandıqdan sonra baş verəcəklər haqda danışarkən deyib.

Onun sözlərinə görə, biz otuz il olduğu kimi bundan sonra sülhsüz yaşaya bilərik:

Kənan Novruzov

“Amma regionda yaranan yeni reallıqlar İrəvan üçün sülhü qaçılmaz edir. Nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamasa, regional əməkdaşlıqdan məhrum olacaq. Hətta belə davam edərsə, Ermənistan gələcəkdə Rusiya ilə Qərb arasında hərbi qarşıdurma meydanına çevrilə bilər. Necə ki, bu dövlət bu gün Rusiya ilə Qərbin siyasi mübarizə poliqonudur.

Rəsmi İrəvanın təhlükəsizliyinin yeganə təminatı regional əməkdaşlıqdan keçir. Bunun üçün sağa-sola boylanmağa ehtiyac yoxdur. Azərbaycanın qalib tərəf olmasına baxmayaraq, Ermənistana sülh əlini uzadır. Qarşı tərəf isə sözdə loyal açıqlamalar versə də əməldə bunu təsdiqləmir. Çünki Ermənistan hakimiyyəti siyasi iradə göstərərək üçüncü güclərin təsirindən çıxa bilmir. Bu mənada sülh üçün konkret vaxt demək çətindir. Birgə yaşayış məsələsi isə o qədər asan deyil. Bunun üçün vaxta ehtiyac var.

Xalqlar da barışmalı, bütün səviyyələrdə qarşılıqlı etimad mühiti yaranmalı, yaralar sağalmalıdır. Bu, ermənilərin Qarabağda vətəndaşlığımızı qəbul edib yaşamaları ilə paralel, bizim də Qərbi Azərbaycana qayıtmağımızla təmin oluna bilər”.

Turan Rzayev
Globalinfo.az