Bir qədər əvvəl Belarusun Ermənistandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyaçılar diplomatik korpusun binasını yumurta, kartof, pomidor “atəşinə” tutublar. Məlumata görə, aksiyaya səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun ötən gün “ermənilər bizdən başqa kimə lazımdır?!” açıqlaması olub.
Prezidentin sözlərindən qəzəblənən bir qrup erməni və Respublika Uğrunda Partiyasının nümayəndələri səfirlik binasının qarşısına toplaşıblar. Etirazçılar Ermənistanın Belarusla diplomatik əlaqəni kəsməsinə dair şüarlar səsləndiriblər.
Hazırkı şəraitdə iki ölkənin əlaqələrinin gərginləşməsi, diplomatik nümayəndəliyin bağlanması mümkündürmü?
Globalinfo.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, Belarus və Ermənistan arasında münasibətlər tarana gedir:
“Ermənistan Baş naziri Nikol Paşinyanın Sorosçu hakimiyyətinin Rusiya ilə bərabər Belarusa qarşı da münasibətləri kəskin şəkildə pisləşdirməsi tendensiyası müşahidə edilir. Paşinyan komandası Ermənistanda Belarusa ictimai nifrəti artırmaq üçün əlindən gələni edir. Bunun fonunda deyə bilərik ki, Belarusun Ermənistandakı səfirliyinin qarşısında keçirilən aksiyalar hakimiyyət qüvvələri tərəfindən koordinasiya edilmiş planlı təxribatdır”.
T.İsmayılov vurğulayıb ki, Minsk rəhbərliyi bunu yaxşı görür və atılan addımlara kəskin cavab verməsi istisna deyil:
“Prezident Aleksandr Lukaşenko Ermənistanın indiki hakimiyyətinin Qərbin əlində oyuncağa çevrildiyini hər zaman çəkinmədən qeyd edir. Hətta Belarusun Ermənistandakı səfirliyinin fəaliyyətini müvəqqəti olaraq dayandırıla bilər”.
Safura Bənnayeva
Globalinfo.az