Erməni katolikosunun savaş çağırışına Şeyxin cavabı – Yeni toqquşmalar olacaq?

“Erməni Katalikosu II Qaregin açıqlama verərək xalqını, bölgəni yeni müharibələrə, toqquşmalara, qana-qadaya kökləyib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

O, Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu açıqlamalara çox doğru, diplomatik dildə cavab verdiyini bildirib.

Natiq Cəfərli

Sitat: “Erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır. Din adamları müharibə üçün yox, sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir və din adamlarının siyasətə qarışması doğru deyil. Biz erməni kilsəsini dostluğa çağırırıq”.

N.Cəfərli bildirib ki, Şeyxülislamın açıqlaması düzgün cavabdır, Azərbaycana əlavə dividentlər gətirən yanaşmadır, ümumiyyətlə, müharibə ritorikasının azalması çox vacibdir:

“Coğrafiyamız taleyimizdir – Şimaldan, Cənubdan, Ermənistandan daim təhlükələr olub, olur, olacaq. Ona görə də, güclü Ordu ilə yanaşı, dayanıqlı iqtisadiyyatımız, rifah yaradan sistemimiz də olmalıdır. İqtisadiyyat isə yatırımlarla, investisiyalarla böyüyür, rifah sabitliklə yaranır, əsl sabitliyi isə “dəyənək” deyil, orta sinif və xarici investorlar təmin edə bilər – daim müharibə təhlükəsi isə investisiyaların, yatırımçıların ən çox çəkindiyi məqamdır”.

İqtisadçı ölkədə investisiya mühitinin bərbad olduğunu vurğulayıb:

“Onsuz da bu mühiti təmin edəcək hüquq sistemi, qanunun aliliyi zəifdir, bunun üzərinə də hər gün müharibə təhlükəsi, qan-qada ritorikası gələndə Azərbaycan investorlar üçün tamamən maraqsızlaşır. İnvestisiyalarsız isə inkişaf, yeni iqtisadi model quruculuğu mümkün deyil, Azərbaycan bütün problemlərini büdcə, neft gəlirləri hesabına həll edə bilməz, bunu anlamaq lazımdır.

Bir daha deyirəm: Güclü ordu, hərbi-siyasi ittifaqlar mütləq olmalıdır, amma rifah yaradan sistem quruculuğu da olmazsa-olmazdır. Dədə Qorqud demiş, əgər torpağı qorumursansa, onu əkib becərməyə dəyməz, əgər əkib becərmirsənsə, onu qorumağa dəyməz – deməli, mütləq “qızıl orta” tapılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az