Erməni hərbçiləri necə əsir düşüblər? – Nazirin cavabı

Ötən həftə erməni təxribat-diversiya qrupunun üzvü olan iki hərbçinin sərhəddə Azərbaycan ordusu tərəfindən saxlanılması Ermənistan ictimaiyyətində hələ də müzakirə edilir. Mayın 30-da Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının iclasında bu məsələ yenidən gündəmə gətirilib.

Globalinfo.az xəbər verir ki, iclasda iştirak edən Ermənistanın müdafiə naziri Suren Papikyan hərbçilərin sərhədi Azərbaycan tərəfinə necə keçməsi ilə bağlı suallarından yayınıb.

“Rəsmi məlumatlarda hər şey açıqlanır. Bu informasiyaları izləməyə davam edin. Mən də o məlumatlara istinad edirəm. Bu məsələ ilə bağlı açıqlama yayımlanıb. Mənim fikrim nazirliyin məlumatından fərqlənə bilməz”, – S.Papikyan.

Qeyd edək ki, 26 mayda Ermənistan ordusunun diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin Zəngilan rayonu istiqamətində sərhədimizə daxil olmaq istəyərkən aşkarlanmış, diversantlardan iki nəfər yaxalanmış, digərləri isə mürəkkəb relyef şəraitindən istifadə edərək, Ermənistana qaçmışdı.

Yaxalanan diversantlarla bağlı cinayət işi açılıb və onlar həbs ediliblər.

Ayşən Mustafa
Globalinfo.az