Erməni generalın Xocalı ilə bağlı açdığı sirr – “Bu iki səbəbə görə hücum etdik”

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalıya hücumunu “meşə tülküsü” ləqəbli general Arkadi Ter-Tadevosyan (1939-2021) planlaşdırıb.

Globalinfo.az xəbər verir ki, Ter-Tadevosyan şəhərə hücumu 2 səbəblə əsaslandırırdı:

1.Xocalıda Azərbaycan ordusuna aid BM-21 (Qrad) vasitəsilə Stepanakertin atəş altında tutulması.

2.Döyüş əməliyyatlarının intensivliyinin artması ilə əlaqədar olaraq helikopterlərin yanacaq və hərbi texnika ilə bağlı artan tələbin öhdəsindən gələ bilməməsi. Təyyarələrin istifadəsi üçün Xocalıdakı hava limanı çox vacib idi (Ter Tadevosyan, 2007:568).

Meşə tülküsü” bu əməliyyatı 3 həftə ərzində hazırlamışdı. Qarabağ müharibəsində ilk dəfə olaraq erməni dəstələri zirehli texnikalardan – iki BRDM bölməsindən və bir ədəd 100 mm-lik Rapier tank əleyhinə silahdan istifadə edirdilər. Hücumun əsas istiqaməti Xocalı aeroportu ərazisinə yönəldiyi üçün ən şiddətli vuruşmalar burada başladı. Hava limanının ərazisini qoruyan Əlif Hacıyevin komandiri olduğu dəstə üstün düşmən qüvvələri ilə bir neçə saat döyüşdü. Demək olar ki, bütün heyət qeyri-bərabər döyüşdə həlak oldu. Sağ qalan döyüşçülər ermənilərin əlinə keçməməsi üçün hava limanının nəzarət qülləsini partlatmağa müvəffəq oldular. Əlif Hacıyev özü sağ qalan əsgərlərlə birlikdə Xocalı sakinlərinin Ağdam istiqamətinə doğru getməsinə kömək etdi. Ancaq burada mülki şəxsləri xilas edərkən şəhid oldu.

Tadevosyan Xocalı döyüşü ilə bağlı bunları yazır: “Hücum saat 22:00-da başladı və döyüş əməliyyatları təxminən yarım gün davam etdi. Düşmən ən inadlı müqaviməti doqquzmərtəbəli binanın ərazisində göstərdi. Müqaviməti yatırmaq üçün Xocalının özündə ələ keçirilmiş iki Alazan raket qurğusu və əvvəllər yaxınlıqdakı yüksəkliklərdə quraşdırılmış iki iri çaplı pulemyotdan istifadə etməyə məcbur qaldıq. Xocalı əməliyyatında 8 nəfər hərbi itki verdik, azərbaycanlıların isə 23 nəfər hərbi itkisi vardı.” (Ter-Tadevosyan, 2007: 569).

Xatırladaq ki, Xocalıya hücumu planlaşdıran erməni general Arkadi Ter-Tadevosyan 2021-ci ildə, Qarabağın Azərbaycan Ordusu tərəfindən azad edildiyini gördükdən sonra öldü.

Qeyd: Yazıda Tural Həmidin araşdırmasından istifadə edilib.