O əsgərin əvəzində generalın təhvil verilməsi – İrəvanın qərarı…

Ermənistan Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, ədliyyə general-mayoru, iş adamı Mihran Poqosyanın Rusiyadan ekstradisiyası istiqamətində danışıqlar aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş prokuroru Anna Vardapetyan danışıb.

M.Poqosyanın qaçqın statusu olduğu üçün qorunduğunu bildirib.

A.Vardapetyanın sözlərinə görə, erməni iş adamı 1 ton narkotik qaçaqmalçılığında, vergidən yayınmada, çirkli pulların yuyulmasında, qanunsuz sahibkarlıq nəticəsində 1,3 milyard dolları mənimsəməkdə ittiham edilir. Həmçinin M.Poqosyanın həyat yoldaşının da İspaniyada bir neçə mülk aldığı müəyyən edilib.

M.Poqosyan qaçaqmalçılığa görə Ermənistanda axtarışa verilib. O, noyabrın 20-də Moskvada yol polisi tərəfindən saxlanılıb, bu zaman qaçqın vəsiqəsini göstərib. Şöbəyə aparılan Poqosyan bir neçə gün sonra azadlığa buraxılıb, lakin ittihamlar üzərindən götürülməyib.

Qeyd edək ki, Rusiya tərəfi bundan əvvəl M.Poqosyanın Ermənistana ekstradisiyasına dair tələbi rədd etmişdi.

Xatırladaq ki, bir qədər əvvəl Ukrayna müharibəsindən qaçan rus əsgər Ermənistana sığınıb. Onun ekstradisiyası ilə bağlı iki ölkə arasında danışıqlar aparıldığı deyilsə də, İrəvan bunu təkzib edib. Poqosyanın həmin rus əsgəri ilə dəyişdirilmə ehtimalı sosial şəbəkələrdə müzakirə edilir.

Ayşən Mustafa
Globalinfo.az