
Erməni patriarx, arxiyepiskop Sahak Maşalyan İstanbulda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə din xadimlərinin iştirak etməməsini “səssiz etiraz” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Aqos” qəzeti yazıb.
Arxiyepiskop qeyd edib ki, hakimiyyətlə kilsə arasında gərgin münasibətlər bütün erməni dünyasında narazılığa səbəb olub və mənfi atmosfer formalaşdırıb.
Daha öncə İstanbul Erməni Patriarxlığının nümayəndələrinin Nikol Paşinyanla iyunun 20-də keçirilən görüşdə iştirak etmədiyi məlum olub.
“Cənab Paşinyanın Kumkapıya səfəri zamanı din xadimlərinin iştirak etməməsi düşünülmüş münasibətdir. Səbəb onun katolikos II Qareginə müraciəti zamanı istifadə etdiyi təhqiramiz və aqressiv dildir. Digər patriarxlar da eyni şəkildə reaksiya veriblər”, – Maşalyan vurğulayıb.
Xatırladaq ki, iyunun 26-da arxiyepiskop Baqrat Qalstanyan İrəvanda hakimiyyəti zorakılıqla ələ keçirməyə yönəlan hərəkətlərdə ittiham olunaraq həbs edilib. İyunun 28-də isə Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyan hakimiyyətin ələ keçirilməsinə və konstitusiya quruluşunun devrilməsinə açıq çağırışlarda ittiham olunaraq həbsə atılıb.
Əliyar Xəlil