“Ərini doğrayan qadına münasibət loyaldır, arvadına bir şillə vuran kişilərə isə…”

“Bugünlərdə rezonans doğuran iki hadisə baş verdi. Birinci hadisə əri tərəfindən öldürülən müğənni, ikinci isə özünü pul borcuna görə asdığı deyilən iş adamı Orxan Məmmədlinin faciəsi. Lakin sonradan Orxanın ölümündə qadın amilinin rolu olduğu iddia edildi. Belə ki, guya onun evli qadınla münasibəti olub və həmin qadının əri də bu məsələni bilib”.

Bu sözləri Globalinfo.az-a əməkdar jurnalist Azər Ayxan ölkədə baş verən kişi və qadın ölümlərinə cəmiyyətdə iki fərqli yanaşma ilə bağlı danışarkən deyib.

Əməkdar jurnalist istintaqın işinə qarışmadığını və iddiaların hansının düz, hansının yanlış olduğunu bilmədiyini qeyd edib:

Azər Ayxan

“Hələlik biz dəqiq deyə bilmərik ki, O.Məmmədlinin ölüm səbəbi pul borcudur və ya qadın amilinə görədir. İstənilən halda, bu məsələ müzakirə olunur. Məişət zorakılığı. İnsan ölümü məsələsində cinsi ayrımçılıq, seksist yanaşma doğru deyil. Bu, insan faciəsidir. Günahsız yerə kim öldürülürsə – qadın, kişi, uşaq, yaşlı, fərqi yoxdur, bu, cinayətdir və inşalıq əleyhinə əməldir”.

A.Ayxan deyib ki, Azərbaycanda arvadı, yaxud sevgilisi tərəfindən öldürülən xeyli sayda kişilər olub. Çox maraqlıdır ki, kişilərin başına gətirilən bu faciələrə reaksiya elə güclü olmur. Qadınlarla bağlı faciələrə, zorakılığa verilən reaksiyanı burda görə bilmirik. Bunu lağ-lağıya çevirənlər, gülüş obyekti edənlər də tapılır. Sanki kişi ölməyi haqq edir. Ərini doğrayan, zəhərləyən qadınlara münasibət loyal olur, amma arvadına bir şillə vuran kişilərə bəzi “hüquq müdafiəçilərinin” fitnəsi ilə az qalsın ölüm hökmü çıxarılır”.

A.Ayxan məsələyə kompleks, obyektiv yanaşmanın tərəfdarı olduğu söyləyib:

“Biz cəmiyyət olaraq məsələyə kompleks yanaşa bilmirik. Qadın və kişi – hər ikisi insandır və hər ikisinin də qəddar şəkildə öldürülməsi cinayət olmaqla bərabər, insanlığa qarşıdır. Bir insanı qəddar şəkildə öldürmək təkcə cinayət əməli deyil, həm də bu, insanlıq əleyhinə olan əməldir.

Baxın, Qəzzada baş verən terrorla bağlı biz öz hiddətimizi bildiririk. Bəzən HƏMAS-ı qınayırıq, onları lənətləyirik, bəzən də İsrailin davranışlarını qınayır və lənətləyirik. Amma son xəstəxana hadisəsində hələ də raketin həmin xəstaxanaya kimin tərəfindən atıldığı dəqiq bilinmir. Buna baxmayaraq, adı ilk hallanan İsraili qınayırıq. Artıq bir neçə ölkədə İsrail səfirliklərinin qarşısında etiraz aksiyası keçirilir. Hər iki tərəfdən öldürülən insandır. Buna yəhudi və müsəlman olaraq yanaşmaq doğru olmaz. Ən yaxşı yanaşma insan amili üzərindən yanaşmadır. Eləcə də məişət zorakılığı zamanı öldürülənləri qadın və kişiyə bölmək, məsələni bu kontekstdə təhlil etmək problemin həllinə töhfə verə bilməz”.

Psixoloq Aygün Cəfərova deyib ki, cəmiyyətdə tək bu hadisələrdə yox, bütün situasiyalarda hər kəs hər şeyə eyni yanaşa bilməz:

Şəkilin açıqlaması yoxdur.

Aygün Cəfərova

“Bütün cəmiyyətdə hamının eyni fikirdə olması mümkün deyil. Bu da onu göstərir ki, insanların fikirləri, yanaşmaları fərqli olur. Yanaşmanın isə fərqli olması normaldır. Sadəcə, ola bilsin ki, üstünlük təşkil edən nələrsə var. Kişi-qadın amilində də cəmiyyət olaraq hər bir kəsin, ölkənin öz etnopsixologiyası olur. Düşüncə qəlibləri deyilən bir anlam var. O düşüncə qəliblərinə görə, insanlar vəziyyətə əsasən fikirlərini bildirirlər”.

Zaira Akifqızı
Globalinfo.az