Son günlər yayılan məlumatlarda Fars körfəzi ölkələrinin bir qisminin və İordaniyanın ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında iştirak etdiyi iddia olunur. Bildirilir ki, bu proses Hörmüz boğazına nəzarət uğrunda mübarizə və enerji təhlükəsizliyi məsələləri fonunda xüsusi əhəmiyyət kəsb edir. Məlumata görə, ehtimal irimiqyaslı toqquşma zamanı bir çox ərəb ölkələri İrana dağıdıcı hücumlar təşkil edəcəklər.
Bu iddia nə dərəcədə əsaslıdır?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu iddianın ABŞ üçün əsas variant olması inandırıcı deyil:
“Çünki Vaşinqton İranla bağlı konstruktiv siyasət yeridir və diplomatiyaya üstünlük verir. Başa düşür ki, İranla qarşıdurma ona uğur gətirməyəcək. Bununla belə, Yaxın Şərq və Ərəb ölkələri kartından İrana qarşı təzyiq vasitəsi kimi istifafə olunması mümkündür. Bu, Tehranı kompromisə məcbur edə bilər. Lakin ən azından yaxın gələcək Ərəb ölkələrinin İrana qarşı genişmiqyaslı müharibəyə başlayacağını düşünmürəm. Bu, heç kimə sərf etmir”.
Siyasi şərhçi deyib ki, ABŞ–İran qarşıdurmasında “düyün nöqtələrindən” biri Hörmüz boğazı ilə bağlıdır:
“Bu məsələ həllini tapsa, tərəflər qarşılıqlı güzəştə getsələr, “sular durula bilər”. Əlbəttə, bunun üçün həm də İran daxilində SEPAH, ABŞ tərəfdənsə İsrail prosesi destruktiv məcrada inkişaf etdirməkdən əl çəkməli və ya onların imkanları məhdudlaşdırılmalıdır”.
Turan Rzayev
Globalinfo.az