Ərdoğanla bağlı 14 may ssenarisi: Türk düşmənlərinin planı…

Seçkilər yaxınlaşdıqca Türkiyədə siyasi hərarət artır. Mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri nəinki Türkiyədə, qonşu və qardaş ölkələrdə ciddi müzakirə olunur.

Türkiyədəki siyasi proseslər Azərbaycanda hər zaman həssaslıqla izlənir. İndi də belədir. Xüsusi ilə 44 günlük Vətən Müharibəsindən sonra prezident Rəcəb Tayyib Ərdoğana Azərbaycanda sevgi artıb. Onun və ölkəsinin Qarabağ məsələsində verdiyi hər tərəfli dəstək Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb. Həm də azərbaycanlılar bilir ki, Ərdoğanın iqtidardan getməsi Türkiyə və Azərbaycan üçün arzuolunmaz vəziyyəti ortaya çıxara bilər. İqtidara gələcək yeni qüvvənin Qarabağ məsələsində fərqli mövqe tutacağı ehtimalı cəmiyyəti ciddi narahat edir.

Hazırda Azərbaycan mediasında əsas mövzulardan biri də Türkiyədəki seçkilərdir. Globalinfo.az vaxtaşırı bu mövzunu gündəmdə saxlayır.

Saytımıza açıqlama verən politoloq Tural İsmayılov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbə qazanıb hakimiyyətdə qalması halında Azərbaycan-Türkiyə münasibətlərinin necə olacağı haqda danışarkən maraqlı fikirlər səsləndirib:

“Rəcəb Tayyib Ərdoğan Türkiyə üçün böyük işlər görüb. Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyə qlobal siyasi güc mərkəzlərindən birinə çevrildi. Türkiyədə həyata keçirilən çoxvektorlu siyasət Ankaranın daha da güclənməsinə və geosiyasi müstəvidə söz sahibi olan ölkələrdən biri halına gəlməyinə şərait yaratdı”.

Onun sözlərinə görə, Ərdoğanın sayəsində Türkiyənin müstəqillik elementləri kifayət qədər gücləndi və bu gün Türkiyə təkcə öz regionunda deyil, bir çox regionlarda qlobal ədalətsizliyə qarşı öz gücü, mənliyi, eyni zamanda siyasi xətti ilə ön sıralarda yer alır:

“Türkiyənin qlobal gücə çevrilməyi türk düşmənlərini ciddi formada narahat edir. Türk düşmənləri bu faktordan istifadə edərək 14 maydakı seçkilərdə Ərdoğanın məğlub olub hakimiyyətdən getməsinə çalışır. Mən hesab edirəm ki, türk xalqı ayıq-sayıqdır və Türkiyə üzərində oyanan siyasətin fərqindədir. Ona görə türk xalqının yekdinliklə “Cümhur ittifaqına” səs verəcəyini düşünürəm”.

Politoloq Ərdoğanın qələbəsi fonunda Türkiyə-Azərbaycan münasibətlərini dəyərləndirib:

“Nəzərə almaq lazımdır ki, Ərdoğanın hakimiyyətdə qalması həm də Azərbaycan-Türkiyə münasibətləri baxımından vacibdir. İki ölkə münasibətləri bu gün tarixinin ən yüksək həddinə çatıb. Bu, şübhəsiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqtidarı dövrü ilə əlaqəlidir. Bu baxımdan münasibətlərimizin gələcək perspektivi baxımından Ərdoğanın qələbə qazanması vacibdir”.

Turan Rzayev
Globalinfo.az