Ərdoğanın sürpriz qonağı – Ankarada üçlü görüş ola bilər?

 

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan Baş naziri Nikol Paşinyanın, NATO baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Ermənistan Baş naziri Nikol Paşinyanın mərasimdə iştirak etməsi xüsusilə diqqət çəkir. Bəzi ekspertlər bunu son zamanlar Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışan rəsmi İrəvanın növbəti cəhdi hesab edir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etməsində qeyri-adi heç nə yoxdur:

Elxan Şahinoğlu

“Bəllidir ki, Paşinyan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Düzdür, İrəvanda erməni terrorçularına qoyulan “abidə” prosesi dayandırsa da rəsmi İrəvan yenidən iki ölkə arasında münasibtələrin normallaşmasında maraqlıdır.

Hesab edirəm, bunun üçün ilk növbədə həmin “abidə” götürülməlidir. Paşinyan hər nə qədər bundan yayınmaq istəsə də bu mütləq icra edilməlidir. Müqayisə üçün deyim ki, İrəvanda metrostansiyaların birinin girişində “Böyük Ermənistan” xəritəsi də silinib. Xəritəni silən abidəni də götürə bilər”.

Politoloq qeyd edib ki, Paşinyan yerli radikallardan çəkinməsəydi, Ankarada Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə üçlü görüş də reallaşa bilərdi:

“Kişinyovda Fransa və Almaniyanın iştirakı ilə “beşli formatda” keçirilən görüşdən sonra Ankarada “üçlü formatda” keçirilən görüş yerinə düşərdi. Bu görüş, hətta Kişinyovdakından daha məhsuldar ola bilər”.

Turan Rzayev
Globalinfo.az