e1 1

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun 36-cı Zirvə Toplantısında iştirak edən liderlərə təqdim etdiyi hədiyyə geniş müzakirələrə səbəb olub. Belə ki, dövlət başçılarına üzərində adları həkk olunmuş xüsusi istehsal revolverlər və bir qutu patron verilməsi diqqət çəkib.

Tarix boyu silah hədiyyə etmək bir çox ölkələrdə və mədəniyyətlərdə hörmət, etimad, dostluq rəmzi kimi qəbul edilib. Xüsusilə hökmdarlar, dövlət başçıları, yüksək rütbəli hərbçilər arasında bəzəkli qılınc, xəncər, tapança və ov tüfənglərinin hədiyyə edilməsi diplomatik ənənənin bir hissəsi olub. Belə hədiyyələr adətən qarşı tərəfə göstərilən ehtiramı, strateji tərəfdaşlığı və qarşılıqlı etimadı ifadə edib. Müasir dövrdə də bəzi dövlətlər milli silah sənayesinin nümunələrini xüsusi hazırlanmış, üzərində ad və ya xatirə yazıları həkk olunmuş şəkildə rəsmi qonaqlara təqdim edirlər.

Bəs Ərdoğanın ABŞAvropa liderlərinə silah hədiyyəsinin izahı nədir?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, bu, olduqca düşünülmüş strateji addım idi:

“Eyni zamanda, NATO liderlərinin bir çoxunu çətin vəziyyətdə qoydu. Əsas məqam isə masada silahın yer almasının daşıdığı simvolik məna idi. Türkiyənin yüngül hərbi sənaye, xüsusilə mərmi və PUA istehsalında liderlərdən biri olması sirr deyil. Bu addım ölkənin müdafiə sənayesi sahəsindəki imkanlarını nümayiş etdirdi. İmperial baxışlar və Osmanlı simvolikasından istifadə edən Ərdoğan üçün silah dili ilə mesaj vermək əlverişli imkan idi. Mövcud beynəlxalq şəraitdə danışıqlarla yanaşı silah sənayesinin aktuallığının artması fonunda bu yanaşma dövrün reallıqlarına uyğundur. Bu baxımdan Türkiyə NATO üzvləri qarşısında müəyyən üstünlüyünü də nümayiş etdirdi”.

eziz elibeyli esas 900x600 1

Əziz Əlibəyli

Ekspert bildirib ki, digər mühüm məqam isə bu addımın ciddi protokol problemi yaratması idi:

“Böyük ehtimalla, bəzi ölkə rəhbərləri öz dövlətlərinin daxili qanunvericiliyinə görə həmin silahları ölkələrinə apara bilməyəcək, bu isə gömrükdə müsadirə və ya silahların istifadəyə yararsız vəziyyətə salınması kimi prosedurlarla müşayiət olunacaq. Görünür, bu da əvvəlcədən hesablanmış addım idi və Türkiyə bununla NATO daxilində mövcud protokol problemlərinə diqqət çəkdi”.

Ə.Əlibəylinin  sözlərinə görə, Ankara görüşü Türkiyənin həm simvolik, həm də real mənada hərbi gücə və silah istehsalı imkanlarına malik olduğunu göstərdi:

“Eyni zamanda, bu hadisə böhran şəraitində NATO-nun adekvat qərar qəbul etmək və operativ hərəkət etmək imkanlarını da sual altına qoydu. Sadə bir silah hədiyyəsi ətrafında yaranan protokol problemi göstərdi ki, sabah NATO-nun beşinci maddəsinin tətbiqini tələb edən real vəziyyət yaranarsa, alyansın hansı səviyyədə həmrəylik və operativlik nümayiş etdirə biləcəyi açıq sual olaraq qalır”.

ff 2

Ləman İmran
Globalinfo.az

Paylaş: