Ərdoğanın kritik qərarında Sinan Oğan izi – Özü ilk dəfə açıqladı

Türkiyənin yeni xəzinə və maliyyə naziri Məhməd Şimşək hökumətin bu günə kimi tətbiq etdiyi iqtisadi xətdən imtina edildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Sinan Oğan nazirin bu çıxışını diqqətə çatdıraraq, ikinci turda Rəcəb Tayyib Ərdoğana dəstəyində irəli sürdüyü ən vacib şərtlərdən birinin bu olduğunu deyib:

“Seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğana səs verməyimiz üçün irəli sürülən ən vacib şərtlərdən biri illərdir tətbiq edilən “faiz səbəb, inflyasiya nəticə” siyasətinin dayandırılması, beynəlxalq standartlara uyğun iqtisadi sistemin tətbiqinə keçilməsi idi. Yeni Nazirlər Kabinetində Məhməd Şimşəkin işə başlaması ilə ölkə iqtisadiyyatında yavaş-yavaş normallaşma görəcəyik”.

Qeyd edək ki, Sinan Oğan “Türkiyə-2023” prezident seçkilərində “ATA İttifaqı”nın namizədi idi.

Ayşən Mustafa
Globalinfo.az