Ərdoğanın andiçməsində Paşinyanın gizlədə bilmədiyi sirr – VİDEO

Paşinyanın Ankarada Ərdoğanın andiçmə tədbirində iştirakı bir çox gerçəyi üzə çıxardı. Necə deyərlər, Nikol qaçaraq özünü Ankaraya yetirdi. Bu fürsəti əldən vermədi. Ermənistanın baş naziri Türkiyə ilə münasibətləri təcili qaydaya salmağa çalışır. Son çıxışlarının birində demişdi: “Əgər Türkiyə ilə münasibətləri qaydaya salmasaq, bizim gələcəyimiz olmayacaq”.

Haqlıdır. Elə bir sürəc başlayıb ki, burada Ermənistan Türkiyəyə və Azərbaycana “kafa tuta” bilməz. Çürük “soyqırım”, Ağrı dağı iddiaları, Qarabağ israrı, dənizdən-dənizə “böyük Ermənistan” nağılı – hamısı tarixin zibilliyinə gedib. Ermənistan o günə düşüb ki, konstitusiyasını dəyişmək məcburiyyətindədir. Çünki Türkiyəyə qarşı ərazi iddiasını özünün konstitusiyasına salıb. Buna türüpdüyünü yalamaq, seçdiyi yolu “yemək” deyilir.

O tədbirdə ciddi simvolik detallar var idi. Paşinyan Ərdoğanla Əliyevin qucaqlaşmasına, mehriban davranışına baxıb köks ötürürdü az qalsın. Hətta iki türk liderə əl çalırdı. Bu, tədbirdən çəkilən şəkillərdə də əks olunur. Əsas müzakirə mövzularından biri isə tədbirdə İlham Əliyevin ön cərgədə, Paşinyanın arxada oturması idi. Bu, bəlkə də Nikolun timsalında Ermənistana, onun işğalçılıq siyasətinə yerini göstərmək idi. Diplomatik dildə başa salınırdı ki, sizin harada dayanmağınızı biz türklər müəyyən edirik!

Artıq Türkiyə və Azərbaycan məsələni həll ediblər. Amerika kim, Rusiya kim. Qafqazlar Türkiyədən, Azərbaycandan sorulur. Ərdoğanla Əliyevin o tədbirdə rahat davranışı, isti təmasları çox önəmli ipucları verdi. Ciddi qənaətlər formalaşdırdı. İki liderin bir-biri ilə qardaşcasına rəftarı dünya mediasının diqqət mərkəzində idi. Gecənin iki qəhrəmanı var idi: Ərdoğan və Əliyev. Bu, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi idi. Amma daha çox Azərbaycanla Türkiyə qardaşlığının, müttəfiqliyinin növbəti mərhələ üçün təqdimatı idi.

R.T.Ərdoğanın çıxışında Azərbaycan Prezidentini xüsusi salamlaması, ünvanına xoş sözlər deməsi də dünyanın diqqətini bu iki qardaş ölkənin münasibətlərinin necə sağlam təməllər üzərində qurulduğuna çəkdi. Türk dünyasının iki lideri dünyaya mesaj verirdi. Bu səhnələrdən hər kəs özünə aid payı götürdü.

Paşinyanla Əliyevin görüşü, söhbətləri də ictimaiyyətdə ciddi qənaətlər formalaşdırır. Azərbaycan Prezidentinin Ermənistan baş naziri ilə təmaslarına dair fotolara, yəqin, çox adam baxıb. Danışan şəkillərdir… Bu fraqmentləri birləşdirdikdə önümüzə böyük bir xəritə, mənzərə çıxır.

Burada yada İlham Əliyevin Laçında verdiyi bəyanat düşür. Azərbaycan Prezidenti demişdi ki, Ermənistan sülh istəmirsə, özü bilər. Delimitasiya, demarkasiya prosesini ləngidirsə, yenə özü bilər. Prezident Ermənistanla sərhədin haradan başlayıb, harada bitməsini Azərbaycan Ordusunun müəyyən edəcəyini söyləmişdi Laçında. Bəlkə də bu bəyanatın təsirindən idi, Nikol Ankarada yumağa dönmüşdü.

Azər Ayxan
Globalinfo.az