Ərdoğanın 4 mühüm təyinatının səbəbi – Erməni türkoloqdan həyəcan təbili

“Türkiyədə 4 mühüm posta təyinatlar onu göstərir ki, Rəcəb Tayyib Ərdoğan ölkəsinin dünyada yaranmış geosiyasi vəziyyətdən maksimum fayda götürməsi üçün ən yaxşı adamlarını seçib”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni türkoloq Nelli Minasyan danışıb.

Onun sözlərinə görə, Türkiyə XİN, MİT (Milli İstihbarat Təşkilatı), Müdafiə Nazirliyi, həmçinin Xəzinə və Maliyyə Nazirlikləri ölkədə ən mühüm 4 vəzifə hesab olunmalıdır.

“Biz gördük ki, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan XİN rəhbəri təyin olundu. Son illərdə onun rəhbərlik etdiyi qurum bir sıra uğurlu əməliyyatlar icra edib”, – türkoloq əlavə edib.

O, həmçinin H.Fidanın dünyadakı geosiyasi vəziyyətlə bağlı nüanslara bələd olduğunu vurğulayıb. Bildirib ki, dünyadakı geosiyasi transformasiyalara Türkiyənin baxışları çərçivəsində Ankaranın maraqlarını reallaşdırmaq missiyası məhz Fidana həvalə olunub.

N.Minasyan qeyd edib ki, Mehmet Şimşeyin maliyyə əməliyyatlarına nəzarət etməsi ölkədəki iqtisadi çətinliklərin aradan qaldırılmasına hesablanıb. Onun əsas işi isə ölkəyə Qərb investisiyaları cəlb etmək olacaq.

İ.Kalının təyinatı isə onun onsuz da hakimiyyətdə oynadığı mühüm rola yenidən işarə vurub. Kalının gələcək siyasi karyerasında yüksəlişi də istisna edilmir və Ərdoğanın xələfi kimi meydana çıxa biləcəyi vurğulanır.

Erməni türkoloq hesab edir ki, təcrübəli general Yaşar Gülərin müdafiə naziri təyin olunması göstərir ki, Türkiyə xarici siyasətində hərbi komponentlərdən istifadə davam edəcək.

Tahir Turan
Globalinfo.az